Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran, Astara, Lerik və Salyan rayonlarında yerləşən tabeli qurumların fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub. İnzibati binalara və sort sınaq sahələrinə baxış keçirib, əməkdaşlarla görüşüb.
Görüşlərdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Heyvanlarda vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyalara dair maarifləndirici tədbirlərin aparılması, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasının əhəmiyyəti barədə danışıb.
Həmçinin, Sort Sınaq məntəqələrinin, Regional Təlim Mərkəzlərinin, laboratoriyaların fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.