Ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının ədliyyə, rəqəmsal və kibertəhlükəsizlik üzrə nümayəndə heyəti DOST Agentliyində olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin dövlət sosial xidmətləri sisteminə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmasına imkan yaratdığı vurğulanıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Daha sonra keçirilən görüşdə Qırğızıstan nümayəndə heyəti üçün DOST konsepsiyasına dair təqdimat edilib. DOST Mərkəzlərində ötən dövrdə 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, DOST konsepsiyasının beynəlxalq uğurları qeyd olunub.
Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.