
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) borc öhdəlikləri 2026-cı ilin əvvəlinə 3 milyard 47 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib. Məbləğ ötən ilin əvvəli ilə müqayisədə 18,8 % çoxdur.
SOCAR-ın borc öhdəliklərinin 78,5 %-i və ya 2 milyard 391 milyon manatı Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qarşısındadır. Bu borcun məbləği illik müqayisədə 18,7 % azalıb. ARDNF-dən vəsait illik 3,2-6 % faizlə cəlb olunub və borcun son ödəniş müddəti 2032-ci il aprelin 30-dur.
SOCAR-ın digər əsas borc öhdəlikləri belədir:
- Maliyyə Nazirliyi – 270 milyon manat (+3 %). Borc illik 0,1-3,13 % faizlə cəlb olunub və 2029-cu il dekabrın 15-dək ödənilməlidir.
- “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) – 74 milyon manat (-3,4 dəfə). Borcun illik faizi 4,5-4,8 % təşkil edir və 2026-cı il oktyabrın 11-dək qaytarılmalıdır.
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – 169 milyon manat (-3,7 %). Borc illik 4 % faizlə cəlb edilib və 2027-ci ilin sonunadək ödənilməlidir.
- “Azərbaycan İnvestisiya Şirkəti” ASC – 65 milyon manat (+3,2 %). Borc illik 4 % faizlə cəlb olunub və 2027-ci ilin sonunadək qaytarılmalıdır.
- “Aqrarkredit” QSC – 69 milyon manat (-1,4 %). Borc illik 0,16 % faizlə cəlb edilib və ödəniş müddəti 2041-ci il yanvarın 4-dəkdir.
Bundan əlavə, ötən il SOCAR-ın “Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşısında da borc öhdəliyi yaranıb. AZAL şirkətə faizsiz 9 milyon manat borc verib. Bu vəsait 2028-ci il yanvarın 31-dək qaytarılmalıdır.
Qeyd edək ki, SOCAR 1992-ci il sentyabrın 13-də Prezidentin fərmanı ilə yaradılıb. Tamamilə dövlətə məxsus olan şirkətin əsas fəaliyyət istiqamətləri neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin bu məhsulların daxili və xarici bazarlarda satışıdır.





