“Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılmışdır. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.
2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olmuş və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlamışdır. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün, “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanmışdır. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunmuşdur.
Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənmişdir. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılmış və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunmuşdur. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilmişdir.