
Azərbaycanda pərakəndə şəbəkələr iqtisadiyyatın strateji dayaqlarından birinə çevrilib.
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə üzv olan “Bravo”, “Araz”, “Bazarstore”, “Oba”, “Rahat”, “Spar” və digər böyük şəbəkələrdə hazırda 100 minə yaxın şəxs çalışır və hər gün təxminən 4 milyon vətəndaşa xidmət göstərilir.
Birliyin açıqlamasına görə, təkcə 2024-cü ildə üzv şirkətlər yerli istehsalçılardan 2 milyard manata yaxın məhsul tədarük edib, büdcəyə 1 milyard manat həcmində vergi ödənişi və eyni həcmdə investisiya həyata keçirib.
Sektor üçün əsas risklər
Bununla belə, sektorda inflyasiya, yeni vergi yükü, artan icarə haqları və bank komissiyaları ciddi təzyiq formalaşdırır.
Hazırda iki əsas fiskal risk ön plana çıxır:
-
POS əməliyyatlarında yüksək bank komissiyaları.
Azərbaycanda “interchange” komissiyaları 1.5%-2.5% aralığındadır. Müqayisə üçün: Avropa İttifaqında bu göstərici debit kartlarda 0.2%, kredit kartlarda 0.3%-dir. -
2019-cu ildən qüvvədə olan gəlir vergisi güzəştinin 2026-cı ildən ləğv riski.
Bu güzəşt minlərlə iş yerinin qorunmasına və əmək bazarında şəffaflığa səbəb olmuşdu. Ləğv edilməsi şəbəkələrin mənfəətliliyinə və investisiya planlarına mənfi təsir edə bilər.
Kirayə haqlarında kəskin artım narazılıq yaradır
Birliyin məlumatına görə, bəzi ticarət mərkəzlərində icarə müqavilələri bitdikdən sonra kirayə haqları 2-4 dəfə artırılır. Bu hal xərclərin əhəmiyyətli dərəcədə yüksəlməsinə və biznes rentabelliyinin aşağı düşməsinə səbəb olur.
Rəqəmsallaşma və yeni çağırışlar
Hazırda müasir pərakəndə şəbəkələrinin bazar payı yalnız 30-32%-dir. Qalan hissəni ənənəvi və tam şəffaf olmayan satış nöqtələri təşkil edir ki, bu da qiymət monitorinqi və inflyasiya təhlilini çətinləşdirir.
Birlik hesab edir ki, yerli QR kod və NFC əsaslı ödəniş sistemlərinin inkişafı, POS komissiyalarının tənzimlənməsi rəqəmsallaşmanı sürətləndirə və əlavə xərcləri azalda bilər.
Sektordan hökumətə təklif olunan əsas addımlar
-
POS komissiyalarının yuxarı həddinin 0.5% səviyyəsində müəyyən edilməsi;
-
Gəlir vergisi güzəştinin mərhələli şəkildə tətbiqi və 2000 AZN-dək əməkhaqları üçün saxlanılması;
-
Ticarət obyektlərində icarə haqlarının hüquqi tənzimlənməsi;
-
Yerli kart və ödəniş sistemlərinin POS infrastrukturu ilə tam inteqrasiyası;
-
Dövlət-özəl dialoqunun gücləndirilməsi.





