
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləmə Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.
Görüşdə iki ölkənin iqtisadiyyatlarında aparılan islahatlar, bank və sığorta sektorlarında inkişaf meyilləri, eləcə də risk-əsaslı nəzarət mexanizmləri müzakirə olunub.
Tərəflər maliyyə nəzarəti prosesində süni intellekt texnologiyalarının tətbiqi, innovativ həllər və yeni tənzimləmə yanaşmaları barədə fikir mübadiləsi aparıblar.
Həmçinin, Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorlarında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin hər iki tərəf üçün prioritet olduğu vurğulanıb.





