
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə məlumat qurum tərəfindən açıqlanıb.
Bununla yanaşı, faiz dəhlizinin aşağı həddi 6%-dən 5,75%-ə, yuxarı həddi isə 8%-dən 7,75%-ə endirilib.
AMB bildirib ki, qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi və maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər və pul siyasəti qərarlarının real sektora ötürülmə xüsusiyyətləri nəzərə alınıb.
Qərar sabahdan qüvvəyə minəcək.
Qurumun məlumatına görə, faiz dəhlizinin növbəti parametrləri proqnozların və faktiki inflyasiyanın dinamikası, həmçinin yenilənmiş makroiqtisadi təhlillərin nəticələri əsasında müəyyən ediləcək. AMB qiymət sabitliyinin təmin edilməsi üçün mövcud bütün alətlərdən istifadə etməkdə davam edəcəyini açıqlayıb.
Faiz dəhlizinə dair gələn il üçün açıqlama qrafiki isə bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.





