
2025-ci il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 583.733 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 928.402 sayda xidmət göstərilib ki, bunun da 331 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 199 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Aşağıda qeyd olunan 9 xidmət ötən il ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,5 faizini təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Ötən il ərzində vergi ödəyicilərindən daxil olmuş 33,3 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 21,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövrdə 4.160 vergi ödəyicisinin iştirakı ilə 384 görüş keçirilib, 5.607 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 4 milyon 486 mindən çox SMS göndərilib.
2025-ci il ərzində ümumilikdə 333.388 müraciət üzrə 512.192 Asan İmza sertifikatı verilib.







