
Azərbaycan ilə Islamic Development Bank (IsDB) arasında prioritet layihələrin sürətləndirilməsi və dayanıqlı, yüksək təsirə malik nəticələrin əldə olunması istiqamətində müzakirələr aparılıb.
Müzakirələr IsDB-nin prezidenti Məhəmməd Əl-Casir ilə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında keçirilən görüşdə baş tutub.
Görüş zamanı IsDB ilə Azərbaycan arasında tərəfdaşlığın dərinliyi bir daha təsdiqlənib.
M. Əl-Casir 2026-cı ildə IsDB Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürünü bildirib və bankın ölkənin uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna olan məlumata əsasən, IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edib. Bu vəsaitin 1 milyard 106 milyon ABŞ dolları 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə, 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə yönəldilib.
IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.





