
Yaxın Şərqdə sülhə gedən yol bir addım irəli, iki addım geri gedir. Hizbullahın İsraillə atəşkəs təklifini rədd etməsi və regionda hərbi gərginliyin yenidən alovlanması dünya neft bazarlarında həyəcanı artırıb. İnvestorlar isə “təhlükəsiz liman” axtarışındadır.Hizbullahın sülh təkliflərindən imtina etməsi və İsrailin cənubi Livanda hərbi əməliyyatları davam etdirməsi, ABŞ-ın regiondakı sülh cəhdlərini faktiki olaraq dalana dirəyib.Gərginlik fonunda Brent və WTI neft markaları həftəni 3%-6% arası artımla başa vurmağa hazırlaşır. Dünya neft tədarükünün təxminən 20%-nin keçdiyi Hürmüz boğazında gəmi keçidləri hələ də müharibə öncəsi səviyyədən xeyli aşağıdır. Bu isə qlobal neft tədarük zəncirindəki problemlərin uzun müddət davam edəcəyinə işarədir. Diplomatik gərginlik və davam edən hərbi toqquşmalar neft qiymətlərini yüksək səviyyədə saxlamaq üçün ən güclü katalizatordur. ABŞ və İran arasında birbaşa və dolayı toqquşmaların artması “neft şoku” qorxularını yenidən gündəmə gətirir. Bazar hazırda “yeni bir sülh təşəbbüsü” yox, “yeni bir gərginlik siqnalı” gözləyir. Neft qiymətləri, görünür, yaxın müddətdə volatilliyini qoruyub saxlayacaq.




