
Beynəlxalq reytinq agentliyi Moody’s Ratings ölkəmizlə bağlı yeni hesabatında Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb.
Əlverişli əməliyyat mühiti və hökumətin bank sektorunu dəstəkləmək qabiliyyəti növbəti 12–18 ayda sektorun dayanıqlığını qoruyacaq. Tətbiq olunan tənzimləyici tələblər kapital adekvatlığını dəstəkləməyə və likvidliyin idarə olunmasını təkmilləşdirməyə xidmət edir.
İqtisadi perspektivlər
Hesabata əsasən, Azərbaycan iqtisadiyyatında real ÜDM artımının 2026–2027-ci illərdə 2,5–3 faiz intervalında olacağı proqnozlaşdırılır. Artımın əsas mənbəyi qeyri-neft sektorudur. Nəqliyyat və logistika imkanlarının genişlənməsi, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, eləcə də külək və Günəş enerjisi layihələrinə xarici investisiyaların cəlbi iqtisadi aktivliyi dəstəkləyən amillər kimi göstərilib.
Bank sektorunun vəziyyəti
-
Kredit portfeli: Bankların kredit portfelinin keyfiyyəti sabitdir; 2025-ci ilin sonuna problemli kreditlərin payı 2,5%, ehtiyatlarla örtülmə səviyyəsi 220%-dən yuxarı olub. Xarici valyutada kreditlərin payı 14,2% təşkil edib.
-
Kapital göstəriciləri: 2024-cü ilin sonuna I dərəcəli kapitalın risk üzrə ölçülmüş aktivlərə nisbəti təqribən 20% olub. 2025-ci ilin martından tətbiq edilən 0,5% kontr-tsiklik kapital buferi sektorun kapital mövqeyini möhkəmləndirib.
-
Mənfəətlilik: Aktivlərin gəlirliyi 2–3% intervalında sabit qalıb, xalis faiz marjaları və komissiya gəlirləri ilə dəstəklənir.
-
Likvidlik: Banklar əsasən müştəri depozitləri hesabına maliyyələşir; depozit portfeli ümumi öhdəliklərin təqribən 77%-ni təşkil edib. Son 3 ildə depozit portfelinin dollarlaşması 48%-dən 37%-ə azalıb.
Dövlət dəstəyi
Hesabatda dövlətin bank sektoruna dəstək imkanları xüsusi vurğulanıb. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları 2025-ci ilin sonuna ÜDM-in 108%-ni ötüb. Bank sektorunun ümumi aktivləri isə ÜDM-in təxminən 44%-i səviyyəsindədir.
Nəticə
Göstəricilər bank sistemində kapital adekvatlığının, likvidliyin və aktivlərin keyfiyyətinin qorunduğunu təsdiqləyir. Mərkəzi Bankın prudensial tənzimləmə siyasəti, kontr-tsiklik kapital buferinin tətbiqi və likvidlik çərçivəsinin gücləndirilməsi sektorun dayanıqlılığının formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyi üzrə koordinasiyalı siyasət bank sisteminin möhkəmlənməsinə töhfə verib.





