
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 107 525 şəxs qəbul edilib və onlara 179 074 xidmət göstərilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, göstərilən elektron xidmətlərin 56 %-ni 9 əsas xidmət növü təşkil edib (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla).
Bu xidmətlərə aşağıdakılar daxildir:
-
Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
-
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
-
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
-
“ASAN İmza” sertifikatlarının verilməsi;
-
Vergi ödəyicilərinə arayışların verilməsi;
-
Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
-
Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
-
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması və uçotdan çıxarılması;
-
Fiziki şəxslərin uçotdan çıxarılması.
Bundan əlavə, hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 5,8 min yazılı müraciət cavablandırılıb, 6,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Eyni zamanda, 1 310 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1 142 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 266,3 min SMS göndərilib.




