
Azərbaycanda əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir.
Bu fikri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Razi Nurullayev səsləndirib.
Deputat bildirib ki, təmsil etdiyi İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı demək olar ki, hər ay 3-4 yanmış ev və ya obyektlə bağlı hadisə ilə qarşılaşır.
“Bu artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm: “Əmlak sığortanız varmı?”. Eyni cavabı eşidirəm ki, yox. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır. Yəni, bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilər”, – deyə o vurğulayıb.
R.Nurullayev qeyd edib ki, sığortanın olmaması nəticəsində insanlar bütün əmlaklarını itirir, sonradan isə dövlət və cəmiyyət əlavə maliyyə yükü ilə üzləşir.
Onun sözlərinə görə, mövcud vəziyyət həm vətəndaş məsuliyyətinin, həm də sistemli yanaşmanın gücləndirilməsini zəruri edir.
Deputat hesab edir ki, əmlak sığortasının yenidən məcburi xarakter daşıması vətəndaşların məsuliyyətini artırmaqla yanaşı, fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü də azaldacaq.
“Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını yenidən məcburi fazaya keçirməliyik”, – deyə deputat əlavə edib.




