
“Bakı Fond Birjası” QSC (BFB) ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədin əsas məqsədi kapital bazarları sahəsində təhsil, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi istiqamətində tərəflər arasında əməkdaşlığın genişləndirilməsidir.
Bildirilib ki, ötən il Birja və universitet arasında qurulan əməkdaşlıq çərçivəsində təlim və maarifləndirmə proqramlarının icrasına başlanılıb. Bu çərçivədə tələbələrin kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilib.
Qarabağa təşkil olunmuş səfər zamanı BFB əməkdaşları universitet tələbələri üçün kapital bazarları və investisiya mövzusunda növbəti maarifləndirici seminar keçiriblər. Seminar çərçivəsində iştirakçılara fond bazarının fəaliyyəti, investisiya imkanları və maliyyə savadlılığı ilə bağlı ətraflı məlumat təqdim olunub, həmçinin mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Tərəflər arasında qurulan əməkdaşlığın gələcəkdə də davam etdirilməsi, tələbələrin peşəkar inkişafına dəstək göstərilməsi və onların kapital bazarları sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verilməsi nəzərdə tutulur.




