
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən ümumilikdə 104 milyon 259,6 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, geri ödənilən vəsait pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə xidmətlərə görə ödənilmiş ƏDV-ni əhatə edib.
Bununla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin təqdim etdiyi tibbi xidmətlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərin gecələmə və qalma xidmətləri üzrə ödənilən ƏDV də geri qaytarılan məbləğə daxildir.
Məlumata əsasən, hesabat dövründə xarici vətəndaşların Azərbaycanda şəxsi istehlak məqsədilə aldıqları mallara görə “tax free” sistemi çərçivəsində dövlət büdcəsindən 4 milyon 361,3 min manat ƏDV geri ödənilib.




