ABA-nın İcraçı Direktoru Yunus Abdulov AMB-nın koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərarına aid sualları cavablandırır

Məlum olduğu kimi, Azәrbaycan Respublikası Mәrkәzi Bankının İdarә Heyәtinin 23.04.2020-ci il tarixli qәrarı ilә koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qərar qəbul etmişdir.

Xahiş edirik güzəştlər və bu güzəştlərin tətbiq olunacaq sahələrdən danışasınız.

Yunus Abdulov

– Bu qərar bir çox isiqamətlərdə – pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi, bankların requlyativ yükünün azaldılması, kreditlәşdirmә imkanlarının artırılması vә maliyyә dayanıqlığının qorunması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, bankları öz vәsaitlәri hesabına ipoteka kreditlәri verməyə stimullaşdırmaq, iqtisadi subyektlәrin ödәniş xidmәtlәri üzrә xәrclәrinin azaldılması, eyni zamanda sığorta xidmәtlәrinin fasilәsizliyinin tәmin edilmәsi vә sığorta olunanların hüquqlarının qorunması və pandemiyanın kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılması istiqamətində tədbirləri nəzərdə tutur.

             Sahibkarlara və vətəndaşlara maraqlı olan əlaqədar məsələlərə dair suallarınızı cavablandıracağam.

1 Sual: Sahibkarlıq subyektlәrinin dәstәklәnmәsi istiqamətində əlavə tədbirlər nə kimi güzəştlərin tətbiqini nəzərdə tutur

Yunus Abdulov

– Dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş sahibkarlara aiddir. İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrinin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmişdir. Bu sahələrə aid hüquqi şəxs sahibkarlar, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar və digər kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan, yəni bu müddətə qədər gecikməsi olmayan, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən faizləri subsidiyalaşdırılan (subsidiya meyarlarına uyğun gəlməsi kifayətdir, o ana subsidiyalaşdırılmaya da bilər) kreditlər, həmin sahibkarların mütləq qaydada banklara müraciəti ilə 30 sentyabr 2020-ci ilәdәk restrukturizasiya oluna bilər. Restrukturizasiya dedikdə, yəni kreditin müddətinə, ödəniş qrafikinə bankla müştəri arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən yenidən baxıla bilər.

Bu eyni zamanda belə sahibkarların dövlәt fondlarından, yəni Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit vә İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun vәsaitlәri hesabına aldıqları kreditlәrə də aiddir. Bu kreditlər üzrə də 1 mart 2020-ci il tarixinə qədər gecikmə olmayıbsa, fondların razılığı әsasında (fondların müvafiq normativ sәnәdlәrinә düzәliş edilmәklә) restrukturizasiya həyata keçirilə bilər vә bu halda da borcalanın maliyyә vәziyyәtindәn asılı olmayaraq kreditin keyfiyyәti pislәşdirilmir.

Pandemiyadan təsirlənmiş bütün sahibkarlar kredit öhdәliklәrini, әsas borc vә ya faiz borcunu, yəni ikisində birini tam və ya qismən gecikdirdikdə, belə sahibkarlardan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin 30 sentyabr 2020-ci il tarixinәdәk hesablanmaması vә tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilmişdir. Həmçinin, bu halda sahibkarın kredit tarixçəsi pisləşdirilmir, yəni 30 sentyabr 2020-ci il tarixinәdәk sahibkar barədə neqativ mәlumatlar kredit bürosu tərəfindən nəzərə alınmır.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

2 Sual: Sahibkarlıq fәaliyyәti ilә mәşğul olmayan fiziki şəxslərin dәstәklәnmәsi istiqamətində əlavə tədbirlər nə kimi güzəştlərin tətbiqini nəzərdə tutur.

Yunus Abdulov

Bu halda dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) kreditlərinə aiddir. Burada iki yanaşma var.

Birincisi, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üçün restrukturizasiya imkanlarının yaradılmasına aiddir.

Belə kreditlər də borcalanların, yəni pandemiyadan təsirlənmiş sahələrə aid fiziki şəxs bank müştərilərinin banklara müraciəti əsasında restrukturizasiya olunacaqdır. Əgər kredit 01 mart 2020-ci il tarixinədək verilmiş və həmin tarixə qədər keyfiyyəti qənaətbəxş olmuşdursa, yəni kredit üzrə gecikməyə yol verilməmişdirsə, belə kreditlərin restrukturizasiyası Fondun razılığı әsasında (bu mәqsәdlә fondun müvafiq normativ sәnәdlәrinә dәyişiklik etmәklә) olmaqla 30 sentyabr 2020-ci ilədək həyata keçirilir və bu kreditlərin keyfiyyəti pisləşdirilmir. Yəni bank tərəfindən öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaradılmır.

Həmçinin kredit öhdәliklәrinin (ipoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə әsas borc vә faiz ödәnişlәrinin) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir. Bundan əlavə pandemiya ilә әlaqәdar kredit borcunu gecikdirәn borcalanlar üzrә neqativ mәlumatların 30 sentyabr 2020-ci ilәdәk kredit bürosuna xüsusi qeydlә tәqdim olunur, borcalanın kredit tarixçәsi pislәşdirilmir.

Qeyd etdiyim kimi birinci yanaşma yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına aldıqları ipoteka kreditlərinə aiddir.

İkinci yanaşma isə digər istehlak kreditlərinə (bankların öz vəsaitləri hesabına verdikləri ipoteka krediti də daxil olmaqla) aiddir.

Digər istehlak kreditləri halında isə qeyd edə bilərik ki, kreditin keyfiyyətinin pisləşdirilməməsinə dair tövsiyə digər istehlak kreditlərinə hazırkı mərhələdə təqbiq edilmir. Yəni bu kreditlər üzrə keyfiyyətin pisləşməsi olduqda bank öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaratmalıdır.  

Amma buna baxmayaraq, bankın öz daxili imkanları nəzərə alınmaqla və bankın öz mülahizəsinə uyğun olaraq belə kreditlər üzrə öhdәliklәrin (әsas borc vә ya faiz borcunu) tam vә ya qismәn gecikdirilmәsi halında, borclunun mütləq qaydada banka müraciəti əsasında ondan 30 sentyabr 2020-ci ilәdәk әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmaması və borcalanın kredit tarixçәsi pislәşdirilməməsi Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində, fiziki şəxslərin kreditlərinə aid olan bu hər iki halda kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

3 Sual: Bankların öz vәsaitlәri hesabına 2020-ci il 1 aprel tarixinә kimi verilmiş ipoteka kreditlәri üzrә risk əmsalının 100%-dәn 50%-dәk azaldılması barədə qərarı nəyi nəzərdə tutur və bu banklara verilən yunmşaldıcı  qərar vətəndaşlara nə kimi təsir edə bilər?

Yunus Abdulov

Qəbul edilmiş qərarda əsas məqamlardan biri də bankların öz vәsaitlәri hesabına 2020-ci il 1 aprel tarixinә kimi verilmiş ipoteka kreditlәri üzrә risk koofisentinin 100%-dәn 50%-dәk azaldılmasıdır. Burada bankların İpoteka vә Kredit Zәmanәt Fondunun vәsaitlәri hesabına verdikləri ipoteka kreditlərinin faiz dərəcəsi bankların öz daxili vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin faiz dərəcəsindən azdır. Bu Qərarı məhz bankların öz daxili vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin faiz dərəcəsinin tənzimlənməsinə, vətəndaşlara daha əlverişli şərtlərin təqdim edilməsinə qulluq edən bir qərar hesab etsək yanılmarıq.

4 Sual: Qərarda bәzi iqtisadi sahәlәrin kredit resurslarına çıxış imkanlarının artırılması nəzərdə tutulub. Bu hansı sahələrdir və qərar bu sahənin inkişafına nə kimi təsir görsədə bilər?

Yunus Abdulov

– Gərarda bir məqam da, tibbi lәvazimat vә avadanlıqlar istehsalçılarına verilәn kreditlәrinin risk sәviyyәsinin 100%-dәn 20%-dәk azaldılmasıdır. Bu da bu sahəyə banklar tərəfindən daha əlverişli şərtlərlə və daha az kapital sərf etməklə kredit ayırmaqla sahənin inkişafına dəstək olacaqdır.

5 Sual: Koronavirus pandemiyası dövründә iqtisadi subyektlәrin ödәniş xidmәtlәri üzrә xәrclәrinin azaldılması ilә bağlıdır. Bu məsələni aydınlaşdırmağınızı xahiş edirik.

Yunus Abdulov

– Burada məqsəd ölkədə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılmasıdır. Belə ki, qərara əsasən 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endiriləcəkdir. Bu isə öz növbəsində bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin endirilməsi tədbirləri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır