
ABŞ prezidenti Donald Trump cümə axşamı gecə sosial şəbəkədə ABŞ–Kanada arasında aparılan bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.
Trump yazır ki, bu qərar Kanadanın ABŞ tariflərinə qarşı hazırladığı reklam kampaniyası ilə bağlıdır. O bildirib ki, kampaniya “ölkənin məhkəmə sisteminə müdaxilə üçün hazırlanmış saxta materialdır”. Trump qeyd edib:
“Reagan Fondu elan edib ki, Kanada saxtalaşdırılmış reklamdan istifadə edib və reklamda Ronald Reagan-ın özünə aid olmayan şəkildə tariflərə qarşı çıxan bəyanatı var. Reklam 75 000 dollara hazırlanıb və məqsəd yalnız ABŞ Ali Məhkəməsi və digər məhkəmələrin qərarına təsir etməkdir. Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox önəmlidir. Bu cür mənfur davranışa görə bütün ticarət danışıqları dayandırıldı.”
Kanada Baş naziri Mark Carney-nin ofisindən hələlik rəsmi şərh verilməyib.
Reagan Fondu isə X (keçmiş Twitter) üzərindən bildirib ki, Ontario hökumətinin hazırladığı reklam 1987-ci il aprelin 25-də Reyqanın “Radio Address to the Nation on Free and Fair Trade” nitqini yanlış redaktə edərək təqdim edib və Fondun icazəsi olmadan istifadə olunub. Fond hüquqi addımlar atmağı nəzərdən keçirir və redaktə olunmamış nitqi ictimaiyyətə təqdim edir.
Bu hadisə ABŞ-Meksika-Kanada Razılaşmasının (USMCA) yenidən baxılması ərəfəsində baş verir. Trump razılaşmanı ilk prezidentliyi zamanı imzalamışdı, amma hazırkı münasibətlərdə gərginlik artıb.
Kanadanın ticarətində ABŞ-ın payı böyükdür: gündəlik təxminən 3,6 milyard Kanada dolları (təxminən 2,7 milyard ABŞ dolları) dəyərində mal və xidmət ABŞ sərhədini keçir.
Ontariyonun baş naziri Doug Ford isə reklam kampaniyasının ABŞ-da başladığını açıqlayıb:
“Biz əlində olan bütün vasitələrlə Amerikadakı tariflərə qarşı mübarizə aparacağıq. Rifah yolumuz – birgə işləməkdir.”
Trump isə televiziyada reklamı gördüyünü və bunun onun tarif siyasətinin təsirli olduğunu göstərdiyini bildirib.
Hal-hazırda Kanada hökuməti bəzi ABŞ mallarına qarşı əvəzləyici rüsumlar tətbiq edib. Xüsusilə avtomobil sektoru, əsasən Ontarioda yerləşən istehsal müəssisələri, ABŞ tarifləri nəticəsində ciddi ziyana uğrayıb. Məsələn, avtomobil istehsalçısı Stellantis bu ay açıqlayıb ki, istehsal xəttini Ontariodan ABŞ-ın İllinoys ştatına köçürəcək.







