
ABŞ prezidenti Donald Tramp ölkədə yaşamaq və gələcəkdə vətəndaşlıq əldə etmək istəyən varlı xarici şəxslər üçün yeni immiqrasiya aləti – “Trampın qızıl kartı” proqramının işə salındığını açıqlayıb.
Dövlət başçısı bu barədə biznes nümayəndələri ilə keçirilən dəyirmi masa zamanı məlumat verib. Tramp bildirib ki, qızıl kartlar xüsusi yaradılmış veb-sayt vasitəsi ilə əldə ediləcək və proqramdan daxil olan bütün vəsaitlər ABŞ hökumətinə yönləndiriləcək.
Onun sözlərinə görə, yeni təşəbbüs ölkəyə yüksək investisiya potensialı olan şəxslərin cəlb edilməsinə şərait yaradacaq və dövlət borcunun azaldılmasına əlavə dəstək ola bilər.
Prezident qeyd edib ki, bu sənəd “yaşıl kartı xatırlatsa da, daha geniş imkanlar təqdim edir” və ABŞ-də yaşamaq, işləmək, həmçinin gələcəkdə vətəndaşlıq əldə etmək perspektivi yaradır.






