

Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmağı nəzərdə tutan yeni qanunvericilik paketi hazırlayır.
BBN.az xəbər verir ki, Aİ-nin iyun ayında təqdim etməsi planlaşdırılan qanun layihəsi Rusiyadan yeni qaz müqavilələrinin bağlanmasını və spot bazarda mövcud idxalların dayandırılmasını əhatə edəcək. Təklif olunan tədbirlərin ən gec 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir.
Hazırda Rusiyadan idxal olunan maye təbii qaz (LNG) Aİ-nin ümumi qaz ehtiyaclarının təxminən 19 faizini təşkil edir. Bu göstərici müharibədən əvvəl 40 faizi keçirdi. Rusiya ilə enerji asılılığını azaltmaq məqsədi ilə Aİ Komissiyası həm boru kəmərləri vasitəsilə çatdırılan, həm də LNG formasında uzunmüddətli müqavilələrlə alınan qazın idxalına qadağa tətbiq etməyi təklif edir.
Yeni plan çərçivəsində spot müqavilələrlə idxal olunan qazın, yəni ümumi idxalın təqribən üçdə birinin, 2025-ci ilin sonuna qədər dayandırılması nəzərdə tutulur. Qalan hissə üzrə tam qadağa isə 2027-ci ilin sonuna planlaşdırılır.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, qlobal LNG bazarında artan təklif fonunda Rusiya qazından mərhələli şəkildə imtinanın enerji qiymətləri və təhlükəsizliyə əhəmiyyətli təsir göstərməyəcəyi gözlənilir.