

Almaniya iqtisadiyyatı tənəzzüldən 0,2% artım ilə xilas olub.
BBN.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) 2025-ci ilin ilk rübünə dair ilkin iqtisadi göstəriciləri açıqlayıb.
Məlumata əsasən, mövsümi və təqvim təsirlərindən təmizlənmiş Ümumi Daxili Məhsul (ÜDM) cari ilin yanvar-mart aylarında əvvəlki rüblə müqayisədə 0,2% artıb. Bu nəticə bazar gözləntilərinə uyğun olaraq qeydə alınıb.
Qeyd edək ki, ötən ilin son rübündə Almaniya iqtisadiyyatı 0,2% kiçilmə ilə üzləşmişdi. Beləliklə, ardıcıl iki rübdə ÜDM-in azalması ilə müəyyən olunan texniki resessiya ssenarisi bu artımla aradan qalxıb.
İqtisadi artımda əsas rol oynayan amillər sırasında investisiyaların və əhalinin istehlak xərclərinin artması ön plana çıxır.
Bununla yanaşı, təqvim təsirlərindən təmizlənmiş illik ÜDM göstəricisi isə mənfi 0,2% təşkil edib.