“Ortamüddətli dövrdə inflyasiyanın xarici amilləri arasında artırıcı və azaldıcı amillər mövcuddur. Geosiyasi gərginlik dünya bazarında qiymətlərin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlamışlar. Bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya templərinə artırıcı təsir göstərə bilər”.
BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri haqda açıqladığı məlumatda qeyd edilib.
“Eyni zamanda beynəlxalq təşkilatlar iqlim dəyişiklikləri və aşağı məhsuldarlığın ortamüddətli dövrdə ərzaq qiymətlərinə artırıcı təsirlərini risk olaraq qeyd edirlər. Qlobal iqtisadi aktivliyin gözlənildiyindən daha aşağı olması və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər. Növbəti illərdə ticarət tərəfdaşlarında milli valyutaların uzuclaşmasının davam etməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə idxal inflyasiyasını azalda bilər.
İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var”, – deyə ABM-dən qeyd edilib.