
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə sahəsində peşəkar sertifikatın verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi üzrə Təlimat”ı təsdiqləyib.
Yeni sənəd maliyyə institutlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, onların bilik və bacarıqlarının risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə hazırlanıb.
Təlimata əsasən, peşəkar sertifikatlaşdırma prosesi AMB-nin risk əsaslı nəzarət çərçivəsinin tərkib hissəsi kimi tətbiq olunacaq. Sertifikasiya müxtəlif vəzifə qrupları üzrə imtahan modullarından ibarət olacaq.
İlkin mərhələdə sertifikatlaşdırmaya risklərin idarə edilməsi funksiyasını həyata keçirən əməkdaşlar cəlb ediləcək. Müvafiq beynəlxalq sertifikatlara malik şəxslər üçün bəzi imtahan modullarından azadolma imkanları da nəzərdə tutulub.
AMB ilk imtahanların cari ilin sonunadək keçirilməsini planlaşdırır. İmtahanlarda iştirak ödənişsiz olacaq və veriləcək sertifikatların müddətsiz olması nəzərdə tutulur.
Qurum hesab edir ki, yeni təşəbbüs maliyyə sektorunda vahid peşəkar standartların formalaşdırılmasına, insan resurslarının keyfiyyətinin yüksəldilməsinə, insan amili ilə bağlı risklərin azaldılmasına və maliyyə sabitliyinin gücləndirilməsinə töhfə verəcək.




