Home » AMB-nin Baş direktoru Şahin Mahmudzadə: “İslam pəncərəsi modeli banklar üçün bazara mərhələli və az riskli giriş imkanıdır”

AMB-nin Baş direktoru Şahin Mahmudzadə: “İslam pəncərəsi modeli banklar üçün bazara mərhələli və az riskli giriş imkanıdır”

by Zeyneb
0 comments 7 views 4 minutes read

Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə dair xüsusi tənzimləmə rejimi çərçivəsində mühüm addımlar atılır. Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə eksklüziv müsahibəsində “Mudaraba” və “Murabaha” məhsullarının sınaq mərhələsi, hüquqi bazadakı dəyişikliklər və “İslam pəncərəsi” modelinin üstünlüklərindən danışıb.

Sual: Azərbaycanda 2026-cı ilin əvvəlindən etibarən İslam bankçılığı məhsullarının (“Mudaraba” və “Murabaha”) tətbiqinə start verilib. Bankların bu yeni sistemə adaptasiya sürətini necə qiymətləndirirsiniz?

Şahin Mahmudzadə: Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminin çərçivəsində iki İslam bankçılığı məhsulu da yer alır:

“Azərbaycan Beynəlxalq Bankı” ASC: İslam bankçılığı çərçivəsində Murabaha məhsulu – Məhsul rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının İslam bankçılığı prinsiplərinə uyğun maliyyələşdirilməsini nəzərdə tutur. Əmlak bank tərəfindən alınaraq əvvəlcədən razılaşdırılmış qiymətlə istifadəçiyə satılır, ödənişlər isə razılaşdırılmış qrafik əsasında həyata keçirilir. (Sınaq müddəti: 01.04.2026 – 01.04.2027)

“Rabitəbank” ASC: İslam bankçılığı çərçivəsində Mudaraba və Murabaha məhsulu – Məhsul İslam bankçılığı prinsiplərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin “Mudaraba” əsasında cəlb edilməsini və həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin əsas vəsaitlərinin və dövriyyə mallarının “Murabaha” mexanizmi ilə maliyyələşdirilməsini nəzərdə tutur. Layihə çərçivəsində şəffaflıq, rüblük hesabatlılıq və müstəqil audit tələbləri tətbiq olunacaq. (Sınaq müddəti: 02.02.2026 – 02.02.2027)

Hazırda qeyd olunan məhsullar xüsusi tənzimləmə rejimi çərçivəsində Mərkəzi Bankın nəzarəti altında məhdud şərtlərlə sınaq mərhələsinə buraxılmışdır. Məhsulların sınaq müddətində tətbiqi, riskləri, istifadəçi davranışları və bazar təsirləri qiymətləndiriləcəkdir.

Sual: Hazırda Mülki Məcəllə, Vergi Məcəlləsi və “Banklar haqqında” qanuna təklif olunan dəyişikliklər İslam bankçılığının tammiqyaslı fəaliyyəti üçün kifayətdirmi? Xüsusilə “vergi neytrallığı” prinsipi rəqabət mühitini necə dəyişəcək?

Şahin Mahmudzadə: Hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Banklar haqqında Qanuna təklif olunan dəyişikliklər İslam bankçılığının tətbiqi üçün mühüm hüquqi baza formalaşdırır və xüsusilə “İslam pəncərələri” modelinin seçilməsi ilkin mərhələdə çevik və effektiv yanaşma kimi qiymətləndirilir.

Təklif olunan dəyişikliklər çərçivəsində əsas diqqət çəkən məqamlardan biri “vergi neytrallığı” prinsipinin təmin edilməsidir. Bu prinsipə əsasən, islam maliyyə alətləri ənənəvi bank məhsulları ilə eyni vergi rejimi ilə tənzimlənir. Başqa sözlə, bankların ənənəvi maliyyə fəaliyyətlərinə tətbiq olunan vergi güzəştləri və azadolmalar islam maliyyəsi əməliyyatlarına da şamil edilir. Belə ki, İslam maliyyəsində icarə əsaslı (lizinq) məhsullarının Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə lizinqi çərçivəsində tənzimlənməsi, həmçinin satış əsaslı müqavilələrdə bankın aktivin alış-satışında iştirak etdiyi əməliyyatların maliyyə əməliyyatı kimi nəzərə alınması təmin olunur. Nəticə etibarilə, təklif olunan dəyişikliklər İslam bankçılığının tətbiqi baxımından mühüm və müsbət addım olmaqla yanaşı, xüsusilə vergi neytrallığı prinsipi vasitəsilə lizinq (İcarə) və ticarət əsaslı maliyyələşmə alətlərinin rəqabət mühitində effektiv iştirakını təmin edir.

Sual: Bankların tam müstəqil bank kimi deyil, “alternativ pəncərə” modeli ilə fəaliyyətə başlamasının əsas üstünlükləri və daxili əməliyyat riskləri nələrdir?
Şahin Mahmudzadə: Bankların tam müstəqil İslam bankı kimi deyil, “alternativ pəncərə” (Islamic window) modeli ilə fəaliyyətə başlaması bir sıra praktik üstünlüklər yaradır. Əsas üstünlüklərdən biri odur ki, bu model banklara mövcud hüquqi və institusional çərçivə daxilində əlavə lisenziya tələbi olmadan islam maliyyəsi məhsullarını təklif etməyə imkan verir. Eyni zamanda, bazarın reaksiyasını test etmək, müştəri tələbatını qiymətləndirmək və məhsul xəttini tədricən genişləndirmək baxımından çevik mexanizm formalaşdırır.

Bundan əlavə, bunu birbaşa daxili əməliyyat riski kimi xarakterizə etmək tam düzgün olmasa da, İslam bankçılığında əsas məsələlərdən biri vəsaitlərin və əməliyyatların ayrılması (segregation) ilə bağlıdır. İslam maliyyəsi prinsiplərinə əsasən vəsaitlərin ənənəvi (faiz əsaslı) əməliyyatlarla qarışması ciddi problemlər yarada bilər. Bu səbəbdən bank daxilində güclü daxili nəzarət mexanizmlərinin və ayrıca uçot sisteminin qurulması zəruridir. Bununla bağlı Mərkəzi Bank tərəfindən ayrıca normativ xarakterli aktların hazırlanması da nəzərdə tutulur. Nəticə etibarilə, “İslam pəncərəsi” modeli banklar üçün bazara mərhələli və nisbətən az riskli giriş imkanı yaradır.

Sual: Azərbaycan banklarında daxili Şəriət komitələrinin formalaşdırılması və kadrların peşəkar hazırlığı hansı səviyyədədir?

Şahin Mahmudzadə: İslam bankçılığında Şəriət Şurasının fəaliyyəti bank məhsullarının və əməliyyatlarının şəriət prinsiplərinə uyğunluğunun təmin edilməsi baxımından əsas institusional elementlərdən biridir və bu amil layihə çərçivəsində nəzərə alınmışdır.

Hazırkı mərhələdə Azərbaycan bank sektorunda daxili Şəriət komitələrinin formalaşdırılması və bu sahədə ixtisaslaşmış kadr potensialının inkişaf səviyyəsi məhduddur. Bu səbəbdən ilkin mərhələdə mərkəzləşdirilmiş Şəriət Şurası modelinin (ABA daxilində) tətbiqi praktiki baxımdan daha əlverişli hesab olunur. Əlavə olaraq, Şəriət Şurası xidmətlərinin islam bankçılığı normalarına uyğun olaraq “outsourcing” mexanizmi üzrə təşkil edilməsi də istisna deyildir. İslam bankçılığı bazarının formalaşması prosesində yerli kadr potensialının mərhələli şəkildə gücləndirilməsi, müvafiq təlim proqramlarının təşkili və beynəlxalq sertifikatlaşdırma imkanları vasitəsilə ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Sual: İslam bankçılığı sistemi dini inanclarına görə ənənəvi banklardan istifadə etməyən kütləni sektora cəlb etməkdə nə dərəcədə effektiv olacaq?

Şahin Mahmudzadə: İslam bankçılığı sisteminin tətbiqi potensial olaraq bank sektorunun müştəri bazasını genişləndirmək baxımından əhəmiyyətli rol oynayacağı gözlənilir. Xüsusilə dini inanclarına görə faiz əsaslı ənənəvi bank məhsullarından istifadə etməyən əhali qrupları üçün şəriətə uyğun maliyyə alətləri alternativ imkan yaradır.

Depozit bazasının diversifikasiyasına təsiri isə yeni müştəri qruplarının cəlb olunması nəticəsində ümumi depozit bazasının genişlənməsinə gətirib çıxaracaqdır. Həmçinin, depozitlərin strukturunda şaxələnmə yaranaraq yalnız ənənəvi faiz əsaslı məhsullardan deyil, mənfəət və risk bölüşdürülməsi prinsiplərinə əsaslanan alternativ maliyyə alətləri hesabına vəsaitlərin cəlbi təmin edilməsi də mümkün olacaqdır. Eyni zamanda qeyd edək ki, İslam bankçılığı alətlərinin tətbiqi xarici investisiya axınlarını da stimullaşdıra bilər, xüsusilə İslam maliyyə bazarlarında aktiv olan investorlar üçün yeni imkanlar formalaşdıracaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.