
“Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq”.
BBN.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.
“Bu iki təşkilat arasında maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi üzrə əməkdaşlığı gücləndirəcək”,- deyə T. Kazımov dildirib.
Eyni zamanda o, əlavə edib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq172 milyard manat təşkil edib. “Mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi isə 2,4 dəfə artaraq 18,5 milyardmanat olub”, – deyə T.Kazımov qeyd edib.
Onun sözlərinə əsasən qapalı bankçılıqdan açıq bankçılığa keçid və daha sonra açıq maliyyə konsepsiyasına keçidin reallaşdırılması AMB-nin əsas hədəfidir.
“Bu maliyyə institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir: “Maliyyə bazarında kiberdayanıqlılığın və informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərə qarşı adekvat nəzarət mexanizmlərin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması kimi məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir”, – deyə sədr sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26‑27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir. CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayır.





