
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı 18,4 milyard manat məbləğində investisiya qiymətli kağızlarının (səhmlər və istiqrazlar) dövlət qeydiyyatını həyata keçirib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə 21,3 % və ya 3,2 milyard manat çoxdur.
Hesabat dövründə Azərbaycanın qiymətli kağızlar bazarında ümumilikdə 64 milyard 448,4 milyon manat həcmində əməliyyat aparılıb. Bu isə əvvəlki illə müqayisədə 11,1 % azalma deməkdir.
Ümumi əməliyyatların 8 milyard 36,9 milyon manatlıq hissəsi ilkin bazarda formalaşıb ki, bu da illik müqayisədə 7,1 % azdır. Təkrar bazarda isə 56 milyard 411,5 milyon manatlıq əməliyyat qeydə alınıb ki, bu da 11,6 % azalma deməkdir.
Eyni zamanda hesabat ilində qiymətli kağızlar bazarında ümumilikdə 30 916 əqd bağlanılıb. Bu göstərici əvvəlki illə müqayisədə 57,2 % azalıb.
Bağlanan əqdlərin 4 323-ü ilkin bazarın payına düşüb və bu göstərici 91,65 % azalma göstərib. Təkrar bazarda bağlanan əqdlərin sayı isə 26 593 olub ki, bu da illik müqayisədə 29,7 % artım deməkdir.




