
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun kapital bazarının inkişafı ilə bağlı planlarını açıqlayıb.
AMB-dən verilən məlumata görə, sədr bu barədə “PAŞA Holdinq” və “Deloitte Azerbaijan”ın birgə təşkilatçılığı ilə keçirilən “Business Talks by PASHA Holding” çərçivəsində “Kapital bazarları və IPO: İnkişafa doğru” mövzusunda təşkil olunan tədbirdə çıxışı zamanı bildirib.
Taleh Kazımov qeyd edib ki, sual-cavab sessiyasında Azərbaycanda kapital bazarının mövcud vəziyyəti, əsas çağırışlar və yaxın illər üçün prioritet istiqamətlər müzakirə olunub.
Onun sözlərinə görə, son dövrlərdə pul bazarında aparılan islahatlar, kapital bazarları üzrə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və IPO prosesinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
AMB sədri vurğulayıb:
“Qarşıdakı dövrdə əsas prioritetlərimiz yeni emissiyaların stimullaşdırılması, investor bazasının genişləndirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və investor hüquqlarının qorunması olacaq. Makroiqtisadi sabitliyi qorumaqla kapital bazarının inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik.”





