
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksək olaraq qalır.
Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Müşahidə Şurasının sədri Cəlal Əliyev “Kapital bazarlarına çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-ların istiqraz emissiyası vasitəsilə maliyyələşmə üzrə qalıq məbləği 54,6 milyon manat təşkil edib ki, bu da sektorun cəmi öhdəliklərinin 10%-nə bərabərdir.
Cəlal Əliyev qeyd edib ki, milli valyutada istiqrazlar üzrə orta çəkili faiz dərəcəsi təxminən 15% səviyyəsindədir. Maliyyələşmə xərclərinin yüksək olması əsasən sektorun risk profili ilə bağlıdır.
AMFA rəsmisi bildirib ki, BOKT-lar əhalinin depozitlərini və dövlət vəsaitlərini cəlb etmədən, əsasən təsisçilərin və özəl kreditorların vəsaitləri hesabına fəaliyyət göstərir. Bu isə sektoru maliyyə sabitliyi baxımından kənar amillərə qarşı daha həssas edir.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-lərin öhdəliklərinin 211,6 milyon manatı bank kreditləri hesabına formalaşıb ki, bu da ümumi öhdəliklərin 39%-ni təşkil edir. Bank kreditlərinin həcmi illik müqayisədə 28% və ya 58,9 milyon manat artıb.





