Home » Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib

Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib

by anar
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Aqrar sahədə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib. İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.

Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb. Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasiyası, baytarlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk”, – deyə türkiyəli nazir əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdəniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, süni intellekt vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaq.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.