Avropanın avtomobil bazarı kəskin geriləyib

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2020-ci ilin aprel ayı üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam  avtomobil satışlarının  ötən ilin aprel ayına (1.14 milyon) nisbətdə 76%-dən çox geriləyərək 270 min 682 səviyyəsinə enməsidir. Qeyd edək ki, satışlarda geriləmə yanvar (-7.5%) və fevral (-7.4%) aylarında da cüzi hiss edilsə də, mart ayında (-55%) kəskin azalma başlayıb.

Avropa Birliyinə daxil olan bütün ölkələrdə avtomobil satışlarında ikirəqəmli faizdə geriləmə qeydə alınsa da, koronavirus pandemiyasının əsas təsir nöqtələrindən olan İtaliya (-97.6%) və İspaniya (-96.5%) bazarlarında vəziyyət daha kritikdir.

Satış həcmində ən kəskin azalma isə “Chrysler” brendində müşahidə olunub. Belə ki, 2019-cu ilin aprel ayında 6 minə yaxın avtomobil satışı həyata keçirən şirkət bu ilin aprel ayında cəmi 113 avtomobil sata bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır