Home » Ayaz Museyibov: Vergi güzəştləri biznesin xeyrinədir

Ayaz Museyibov: Vergi güzəştləri biznesin xeyrinədir

by bbnadm
0 rəy 2 baxış 9 dəqiqə oxuma

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihələr Milli Məclisə təqdim edilib. Bu dəyişikliklərə zərurət nə ilə bağlıdır?

-İlk öncə onu qeyd edək ki, pandemiya bütün ölkələrdə yeni iqtisadi şərait formalaşdırıb və əlbəttə, yeni iqtisadi şəraitdə özünəməxsus yeni iqtisadi münasibətlər də yaranır. Bu baxımdan hər ölkə özünün iqtisadi qüdrəti və imkanlarının, bəzi hallarda isə xarici yardım və dəstək hesabına fiskal cavab tədbirləri görür. Azərbaycan da özünün iqtisadi siyasəti çərçivəsində və daxili imkanları hesabına neqativ təsirlər üzrə minimizəedici cavab tədbirləri görür. Artıq kiçik və orta sahibkarlar da daxil olmaqla sahibkarlığa ümumi dəstək tədbirləri icra edilib. Eyni zamanda bu tədbirlərin davamı olaraq, sahibkarlıq subyektlərinin vergi və sosial sığorta yükünün azaldılması üzrə əlavə tədbirlərin görülməsi qərara alınıb. Burada xüsusilə qeyd etməliyik ki, sosial sığorta ilə bağlı güzəşt və dəyişikliklərin bir hissəsi təkcə 2020-ci ili deyil, həm də 2026-cı ilədək olan dövrü əhatə edir ki, bu da strateji idarəetmə prinsiplərinə, sahibkarlıq və biznesin orta müddətli sabitliyinin təmin edilməsinə yönəlmiş addımlardır. Ancaq verilmiş vergi güzəşt və tətilləri həm də iqtisadi subyektlərə də bir mesajdır: öz iqtisadi fəaliyyətlərinə “vergi mədəniyyəti” aspektindən baxmaları gözləntilər arasındadır.

  Beynəlxalq təcrübədə bu istiqamətdə aparılmış tədbirlərlə müqayisədə Azərbaycanın həyata keçirdiyi fiskal dəstək proqramını necə qiymətləndirmək olar?

-Nəzərə alsaq  ki, neft ixrac edən ölkə kimi Azərbaycan pandemiyanın 3 tərəfli fiskal təzyiqinə məruz qalıb, yəni, bir tərəfdən neft gəlirlərinin azalması, digər tərəfdən “fiskal yumşalma” ilə gəlirlərin azalması və pandemiyaya qarşı fiskal xərclərin artması eyni zamanda baş verir. Buna baxmayaraq, milli valyutanın məzənəsinin sabitliyinin qoruyub saxlanması və ümumi makroiqtisadi sabitliyin təmin edilməsi icra edilən dəstək proqramlarının uğurlu olduğunu göstərir. Həmçinin, Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi məlumatların təhlili pandemiyaya qarşı mübarizə büdcəsinin bir sıra iqtisadi göstəricilərdəki xüsusi çəkisinə görə Azərbaycanın qabaqcıl mövqeyə malik olduğunu göstərir.

Vergilərlə bağlı qanunvericiliyə yeni dəyişikliklərin ən mühüm xüsusiyyətləri kimi nəyi qeyd etmək olar?

-İlk öncə bu dəyişikliklərin əsas mahiyyəti pandemiya dövründə vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektləriinə stabil fəaliyyətinin təmin edilməsidir. Məhz bu məqsədlə Məcəlləyə müvəqqəti vergi rejimi adlı yeni fəsil əlavə edilir. Müvəqqəti vergi rejimi isə təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydasıdır. Beləliklə də, pandemiya dövründə sahibkar-dövlət münasibətləri yeni qaydalar əsasında formalaşdırılacaqdır. Yeni dəyişikliklər təkcə maliyyə yüklərinin azaldılması deyil, eyni zamanda vergi tətillərinin verilməsi məsələsini də ehtiva edir ki, bu da indiki halda vergi inzibatçılığı baxımından xüsusi əhəmiyyətə malikdir. Müvəqqəti vergi rejimi ilə müəyyən edilmiş sahələrdə fəaliyyət göstərən iqtisadi subyektlər üçün vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə müəyyən edilmiş faizlərin hesablanması da 2021-ci ilədək dayandırılır.

Müvəqqəti vergi rejimi haqqında bir qədər ətraflı məlumat verə bilərsinizmi?

-Vergi Məcəlləsindəmüəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası kimi şərh olunan xüsusi rejim anlayışı əvvəl də mövcud idi. Xüsusi vergi rejimindən fərqli olaraq müvəqqəti vergi rejimi müəyyən zaman kəsiyində və müəyyən limitli bazada tətbiq olunan xüsusi rejimin bir növüdür və indiki halda pandemiyadan zərərçəkmiş sahələrdə nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu vergi rejimi 1 il müddətinə qüvvədə olacaq və 2020-ci ilin yanvarın 1-dən etibarən tətbiq edilir.

Ayaz müəllim, o zaman belə bir sual meydana çıxır ki, yeni vergi rejiminin müddəalarından kimlər faydalana biləcək, yəni bu müvəqqəti vergi rejimi kimlərə şamil olunacaqdır.

-Benefisiarlarla bağlı məcəlləyə xüsusi bir maddənin əlavə edilməsi nəzərdə tutulub və bu məsələ 222.5-ci maddədə ətraflı formada qeyd olunub. Ümumi olaraq, onu qeyd edə bilərik ki, müvafiq qanunvericiliyə dəyişiklik layihəsinin əsas məqsədi pandemiyanın neqativ təsirlərinin minimizə edilməsi olduğu üçün, burada da pandemiyadan təsirlənmiş fəaliyyət sahələri nəzərə alınıb. Daha detallı desək, bura avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları, o cümlədən, taksi fəaliyyəti, turoperator və turagent fəaliyyəti, ictimai iaşə fəaliyyəti, istirahət  və əyləncə  sektoru, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti və digər bu kimi fəaliyyət sahələrində fəaliyyət göstərən sahibkarlar daxildir, hansılarının ki, fəaliyyəti pandemiya şəraitində məhdudlaşdırılıb, yeni qanunvericiliyin ütünlüklərindən faydalanacaqlar.

Vergi yükü üzrə azadolmalar və güzəştlər nələrdən ibarətdir?

-Güzəştlər və azadolmalar geniş spektrləri əhatə edir. Örnək olaraq, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları, o cümlədən, taksi fəaliyyəti həyata keçirən şəxslərə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz,bütün sahibkarlıq subyektlərinə isə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin 75 faiz üzrə güzəştlər nəzərdə tutulub. İctimai iaşə fəaliyyəti həyata keçirən şəxslərə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştlər nəzərdə tutulub, yəni ictimai iaşədə 8 faizlik sadələşdirilmiş vergi 4 faizə endirilir. Eyni zamanda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır, yəni müvafiq olaraq 2 faizdən 1 faizədək endirilir. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı da ƏDV-dən azad edilir ki, bu da tibbi sahəyə əlavə maliyyə dəstəyidir. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş müvafiq qaydada sənədləşdirilmiş xərclər də məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. Nəzərə alanda ki, bank sistemi üzrə maliyyə dəstəyi proqramında da tibbi sahəyə verilən kreditlər üzrə xüsusi güzəştlərin verilməsi nəzərdə tutulub, eyni zamanda birbaşa maliyyə yardımları da davam etdirilir, bu səhiyyə sahəsi üçün xüsusi əhəmiyyətə malikdir. Əlavə olaraq, hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir və müvəqqəti vergi rejimi ilə müəyyən edilmiş sahələrdə fəaliyyət göstərən iqtisadi subyektlər üçün fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği isə 50 faiz azaldılmaqla 7 faizə endirilir. 

Burada bir məsələ də yeni güzəştlərin müddəti ilə bağlıdır. Əgər sahibkar vergi öhdəliklərini daha öncədən ödəyibsə, o zaman bu dəyişiklərlə bağlı inzibati prosedurlar necə nizamlanacaq, yəni bu şəxslər güzəştlərdən faydalanmaq imkanlarını itirmiş oldular?

-Xeyr, güzəştlərdə “heç kəsi kənarda qoymamaq” prinsipləri maksimum dərəcədə qorunub və müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər  yenidən hesablanacaq  və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilməklə sahibkarların vergi yükü azaldılacaqdır.

Güzəştlər haqqında məlumat aldıq, bəs vergi inzibatçılığı üzrə hansı güzəştlər nəzərdə tutulub?

– Sahibkarlara hesabatlılıq məsələləri ilə bağlı xüsusilə də pandemiya ilə bağlı fəaliyyətlərin məhdudlaşdırılması ilə əlaqəli olaraq, xüsusilə də mikro sahibkarlıq subyektləri üzrə güzəştlərin verilməsi ilə bağlı əlavə müddətin verilməsi təmin edilir. Bu güzəştlər istər sadələşdirilmiş vergi, istər mənfəət, gəlir, istərsə də muzdlu işdən gəlir əldə edilməsi ilə bağlıdır, həm hesabatların verilməsi, həm də vergilərin ödənilməsi üzrə əlavə müddət tanınır.

 “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də Milli Məclisə təqdim edilib. Bu dəstək proqramının əsas dəyişiklikləri nədən ibarətdir?

-Sosial sığorta yükünün azaldılması üzrə dəstək proqramı üzrə tədbirlər şərti olaraq iki fazada tətbiq olunacaqdır. Belə ki, burada bir qisim tədbirlərin 2021-ci ilədək, digərlərinin isə 2026-cı ilədək tətbiq olunması nəzərdə tutulub. Burada məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu üzrə dəyişikliklər nəzərdə tutulub. Eyni zamanda mövcud qaydalara əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilir. Yeni qaydalarda isə sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə regionlar üzrə diferensial tariflər tətbiq edilir, Belə ki, Bakı şəhərində bu əmsal 100 faiz, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faiz, kənd yerlərində 50 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı kimi təyin olunur. Sadə formada desək, region və kənd yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə güzəştlər daha da artırılmış olur və bu da regionlarda sahibkarlıq fəaliyyətinin inkişafına verilən növbəti dəstək tədbiridir.

Sığorta yükünün azaldılması üzrə əsas məqamlar nədən ibarətdir?

-Yeni qanun layihəsində məcburi dövlət sosial sığorta haqqı üzrə güzəştlər nəzərdə tutulub və bu həm regionlar üzrə diferensiallaşdırmanı və həm də müxtəlif əmsallar üzrə sığorta haqqının tətbini ehtiva edir. Yeni qaydalara əsasən fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün yeni sığorta tarifləri tətbiq edilir və tariflər əsaslı dərəcədə azaldılır. Örnək olaraq, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında, fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında, çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında sığorta haqqı ödəyəcəklər. Bu da əlbəttə, sosial sğorta haqlarının azalması deməkdir. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin sosial sığorta yükü də azaldılır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının 2,6 və 10 faizi miqdarında diferensial dərəcələr üzrə hesablanması nəzərdə tutulur.

Ayaz müəllim, qeyd etdiniz ki, sosial sığorta haqqı ilə bağlı dəyişikliklər iki dövrü əhatə edir. Buna aydınlıq gətirərdiniz, xüsusilə də sığorta haqlarının tətbiqi kontekstindən.

-Bəli, qeyd etdiyimiz kimi, məcburi dövlət sosial sığorta haqqı üzrə müddəaların iki dövr üzrə tətbiqi nəzərdə tutulub. Belə ki, burada  14.1-ci maddə üzrə keçid müddəaları müəyyən olunub və məcburi dövlət sosial sığorta dərəcəsi üzrə bu müddəalar 2021-ci ilədək xüsusi qaydada tətbiq ediləcəkdir: sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında, eyni zamanda regionlar üzrə də diferensial sosial sığorta tarifləri təbiq ediləcəkdir. 2021-ci ildən isə müvafiq olaraq 50 faiz və 25 faizlik tariflər və regionlar üzrə diferensial tariflər saxlanılmaqla tətbiq ediləcəkdir. Ümumilikdə isə, bir məsələni xüsusi qeyd etmək istərdim, həm vergi, həm də sosial sığorta yükünün azaldılması əsaslı dəstək tədbirlərinin iterativ davamıdır və pandemiyanın resessiv trendlərinin önlənməsinə xidmət edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.