Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu”SC-nin baş direktoru David Peradze, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələrinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Müzakirələrin yekununda tərəflər arasında mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlbi məqsədilə rəqabətli tarif dərəcələri razılaşdırılıb. Bununla bağlı protokol imzalanıb.
Protokola əsasən, qəbul edilən tarif dərəcələri 2020-ci ilin aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaq. Bu tariflər neft və neft məhsullarının həm bərələr, həm tankerlər, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə və Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.
Görüşdə səmərəli əməkdaşlıq üçün digər gələcək planlar ətrafında da geniş fikir mübadiləsi aparılıb.