
2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105,7 faiz təşkil edib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,3 faiz olub.
2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks əvvəlki aya nisbətən 101,8 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz olub. Sentyabr ayında ən çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurta, xama, kəsmik, kərə yağı, armud, şaftalı, qoz, fındıq, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, qara və yaşıl çayda müşahidə olunub. Əsas ucuzlaşma isə limon, banan, alma, üzüm və soğan üzrə qeydə alınıb. Digər qida məhsullarının qiymətində ciddi dəyişiklik olmayıb.
Qeyri-qida məhsulları üzrə indeks əvvəlki aya nisbətən 100,5 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Sentyabr ayında mebel, avtomobil ehtiyat hissələri, şəxsi gigiyena məmulatları, dəftərxana ləvazimatları və zərgərlik məmulatları bahalaşıb, yay geyimləri isə ucuzlaşıb. Digər məhsullarda ciddi dəyişiklik müşahidə edilməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə indeks əvvəlki aya nisbətən 100,6 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil edib. Sentyabr ayında ən çox bahalaşma ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələri, xarici dil və abituriyent hazırlığı kursları, mənzillərin kirayəsi və bərbərxana xidmətlərində, ucuzlaşma isə beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində olub. Digər xidmətlərdə ciddi dəyişiklik qeydə alınmayıb.







