Home » Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, əməkdaşlığımızın uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. İqtisadiyyat naziri əməkdaşlığın inkişafında bu ilin fevralında Türkiyədə 9-cu iclası keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının əlverişli platforma olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.

Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılması və maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.