Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və Braziliya Kosmik Agentliyi arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Azərkosmos”dan bildirilib.
Sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq.
Memorandum çərçivəsində tərəflər kənd təsərrüfatı, su ehtiyatları, şəhər və regional planlaşdırma, ətraf mühitin qiymətləndirilməsi, torpaq örtüyünün xəritəsi, fəlakətlərin monitorinqi, təbii ehtiyatların xəritələşdirilməsi, dəniz və yerüstü monitorinqi, geoməkan sistemləri, yerüstü peyk stansiyalarında kommunikasiyaya aid peyk görüntülərinin emalının nəticəsi olaraq, hər iki ölkədə sosial-iqtisadi inkişafı dəstəkləmək istiqamətlərini genişləndirəcək. Həmçinin kosmik elm, texnologiyalar və tətbiqlər sahələrində hər iki ölkənin peşəkarları üçün akademik və təlim imkanları araşdırılacaq.
“Azərkosmos”un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək.
Braziliya Kosmik Agentliyinin rəhbəri Marko Antonio Şamon bildirib ki, Azərbaycanın kosmik sektorda böyük potensialı var və ondan müxtəlif sahələrin, o cümlədən elmi tədqiqatlar, texnoloji innovasiyalar, təhsil və iqtisadiyyatın inkişafı üçün uğurla istifadə edilə bilər.