Home » AZAL, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” Anlaşma Memorandumu imzalayıb

AZAL, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” Anlaşma Memorandumu imzalayıb

by anar
0 comment 0 views 3 minutes read

24 sentyabr tarixində Azərbaycan Turizm Bürosu (ATB) “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə əməkdaşlıqda Çin Xalq Respublikasının Pekin şəhərində Azərbaycan və Çin arasında turizm əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra tədbir keçirib.

Tədbirlər çərçivəsində Azərbaycanın turizm imkanlarını təqdim etmək məqsədilə 25-30 aparıcı media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı təşkil olunmuşdur. Müzakirə olunan əsas mövzular arasında Çin turistləri üçün vizasız rejimin tətbiqi, ATB-nin Çində rəsmi təmsilçiliyin fəaliyyəti və Bakı ilə Pekin arasında AZAL aviaşirkəti tərəfindən birbaşa uçuşların həyata keçirilməsi kimi vacib məsələlər yer almışdır.

Qeyd etmək vacibdir ki, 2024-cü il iyulun 20-dən etibarən 2025-ci il iyulun 20-dək qüvvədə olacaq vizasız rejim Çin vətəndaşlarına il ərzində üç dəfəyə qədər Azərbaycana səfər etməyə imkan yaradır. AZAL isə, öz növbəsində, bütün sərnişinlərinə təhlükəsiz və rahat səyahət təmin edərək iki paytaxtı birləşdirən bu marşrutun daha da genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atmaqdadır.

““Azərbaycan Hava Yolları” 2023-cü ilin dekabrından etibarən həftədə iki dəfə olmaqla Bakı və Pekin arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb. Bu marşrut sadəcə paytaxtlarımızı birləşdirən hava əlaqəsi deyil, mədəniyyətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında mühüm “hava körpüsüdür”,” – deyə “Azərbaycan Hava Yolları” QSC-nin Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.

Bundan əlavə, turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə “Azərbaycan Hava Yolları”, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən razılaşma nəticəsində Azərbaycanı çinli səyahətçilərə cəlbedici istiqamət kimi tanıda biləcək məşhur Ctrip platformasından aktiv şəkildə istifadə etmək qərarı alınıb.

Həmçinin tədbir zamanı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bu əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib: “Azərbaycan və Çin arasında turizm əlaqələri gələn turistlərin sayının və fərdi təkliflərin artması sayəsində yeni zirvəyə çatıb. Bu əməkdaşlıq “Trip.com Group” ilə bugünkü Anlaşma Memorandumunun imzalanması ilə daha da gücləndirilmişdir, bu da Çin bazarında mövqeyimizin inkişafı üçün önəmli bir addımdır.”

Bu kimi təşəbbüslər Azərbaycanın turizm sektorunu təbliğ və onu çinli səyahətçilər üçün daha cəlbedici etmək məqsədini daşıyan geniş strategiyanın bir hissəsidir. Pekində baş tutan mətbuat konfransı ölkəmizin turizm potensialını nümayiş etdirmək və Çindən gələn turist axınının Azərbaycana marağını artırmaq üçün atılan strateji addımları müzakirə etmək imkanı yaradıb. Günün ikinci hissəsində, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiri Bünyad Hüseynov, “Azərbaycan Hava Yolları” QSC-nin Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə, “Azərbaycan Hava Yolları” QSC-nin Satış və Əməkdaşlıq İdarəsinin rəisi Çingiz Mürsəlov daxil olmaqla, Çindən olan 100-dən artıq tanınmış media, səfirlik və aparıcı turizm agentliklərinin nümayəndələrinin iştirak etdiyi VIP şam yeməyi təşkil olunub. Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabr tarixlərində Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində roud-şou keçirilib. Nəticədə 2024-cü ilin ilk səkkiz ayında Azərbaycan sayı 26 866 nəfərə çatan çinli turist qəbul edib. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çoxdur. Qeyd edilən artım çinli turistlər üçün nəzərdə tutulan vizasız rejim, birbaşa uçuşlar, o cümlədən B2B və B2C marketinq kampaniyaları kimi təşəbbüslərlə izah olunur. Hazırda Azərbaycan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələri, lüks alış-veriş təklifləri və sağlamlıq turizmi imkanları ilə çinli səyahətçiləri cəlb etməyə davam edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.