
Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi istiqamətində dövlət dəstəyi genişləndirilir. Bu məqsədlə ixracatçıların logistika xərclərinin azaldılması və məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması üçün yeni dəstək mexanizmi tətbiq olunacaq.
Bununla bağlı Prezident İlham Əliyev 9 iyun 2026-cı il tarixində “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracına şamil ediləcək. Dəstəyin məbləği iki meyar əsasında hesablanacaq: ixrac olunan məhsulun daşınmasına görə nağdsız qaydada ödənilmiş nəqliyyat xərcləri və məhsulun gömrük dəyəri.
Sənədə görə, dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirilən daşımalarda nağdsız ödənilmiş daşıma xərclərinin 70 %-i, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə daşınmalarda isə 50 %-i nəzərə alınacaq. Eyni zamanda, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə məhsulun gömrük dəyərinin 15 %-i, dəniz nəqliyyatı üzrə isə 5 %-i yuxarı hədd kimi müəyyənləşdirilib. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.
Yeni mexanizm çərçivəsində daxili daşıma dəstəyi də nəzərdə tutulub. Bu dəstək Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına tətbiq ediləcək. Bu halda sahibkarın nəqliyyat xərclərinə görə nağdsız qaydada ödədiyi məbləğin 70 %-i dövlət tərəfindən kompensasiya olunacaq. Ödənişlər sahibkarların rüblük müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Dəstək mexanizmi 2026-cı il sentyabrın 1-dən 2036-cı il sentyabrın 30-dək həyata keçirilən daşımalara şamil olunacaq.
Məlumata görə, mexanizmin tətbiqi ilə bağlı mənşə qaydaları, dəstəyin şamil olunmadığı əməliyyat və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciət proseduru və multimodal daşımalar üzrə hesablama qaydaları ayrıca normativ aktlarla tənzimlənəcək.
Yeni mexanizmin ixracatçıların logistika xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə, qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də ölkənin ixrac potensialının və xarici ticarət imkanlarının daha da güclənməsinə töhfə verəcəyi gözlənilir.




