
Bu ilin iyul ayında ödəniş kartları vasitəsilə ölkədaxili həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 11% çoxdur.
Hesabat dövründə nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib.
Eyni zamanda, banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkəsi də genişlənməkdə davam edib. Ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4%, POS-terminalların sayı isə 12,1% artıb.





