
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub.
Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı və təşviqi, eləcə də iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə bu sahənin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə “alış qiyməti”, “geriyə maliyyə icarəsi”, “maliyyə icarəsi”, “maliyyə icarəsi alan”, “maliyyə icarəsi fəaliyyəti”, “maliyyə icarəsi müqaviləsi”, “maliyyə icarəsi ödənişləri”, “maliyyə icarəsi verən”, “mühüm iştirak payı”, “satıcı”, “ümumi dəyər” və “vətəndaş qüsursuzluğu” kimi əsas anlayışlar öz əksini tapıb.
Qanuna əsasən, onun tələblərini pozan şəxslər məsuliyyət daşıyacaqlar.
Sənəd dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək. Bundan sonra isə 9 ay müddətində ölkədə lizinq fəaliyyəti ilə məşğul olan şəxslər (o cümlədən fəaliyyəti müvəqqəti dayandırılmış subyektlər) öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər.
Qeyd olunan müddətdə qanunun tələblərinə əməl etməyən şəxslərə yeni maliyyə icarəsi müqavilələri bağlamaq, mövcud müqavilələrin müddətini uzatmaq qadağan ediləcək. Eyni zamanda, firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi” və ya “lizinq” sözləri olan hüquqi şəxslər bu ifadələrin adlarından çıxarılması üçün müvafiq tədbirlər görməlidirlər.




