
ABŞ Federal Ehtiyat Sisteminin (FED) və Xəzinədarlıq Nazirliyinin maliyyə bazarlarında artan təzyiq fonunda daha sıx koordinasiyaya keçməsi gündəmə gəlib. Bu istiqamətdə əsas mesajların Jackson Hole iqtisadi simpoziumunda verilməsi gözlənilir.
BBN.az xəbər verir ki, “Financial Times”ın təhlilinə görə, FED sədri Kevin Warsh-ın Jackson Hole-dakı çıxışı ABŞ-ın pul və borc siyasətinin gələcək istiqamətini müəyyənləşdirən mühüm hadisələrdən biri ola bilər.
Hazırda bazarların əsas narahatlığı ABŞ dövlət istiqrazlarının uzunmüddətli gəlirliliyinin yüksək səviyyədə qalması və inflyasiya təzyiqlərinin davam etməsidir. Bu vəziyyət həm FED-in faiz siyasətini, həm də Xəzinədarlığın nəhəng dövlət borcunun maliyyələşdirilməsi strategiyasını diqqət mərkəzinə gətirir.
FED və Xəzinədarlıq arasında yeni “razılaşma”
Warsh daha əvvəl FED və Xəzinədarlıq arasında yeni koordinasiya mexanizminin yaradılması ideyasını gündəmə gətirib. Bu yanaşma müəyyən mənada 1951-ci ildə iki qurum arasında əldə edilmiş tarixi razılaşmanın müasir versiyası kimi qiymətləndirilir.
Yeni mexanizmin əsas məsələlərindən biri FED-in balansının gələcək ölçüsü və Xəzinədarlığın dövlət borcunun maliyyələşdirilməsi strategiyası arasında koordinasiya ola bilər.
Məsələ xüsusilə ona görə əhəmiyyətlidir ki, Warsh FED-in balansının kiçildilməsini müdafiə edir. Belə bir addım maliyyə sistemində likvidliyə və ABŞ dövlət istiqrazlarına tələbə təsir göstərə bilər.
Xəzinədarlıq istiqraz bazarına müdaxiləni artırır
ABŞ Xəzinədarlığı son dövrdə uzunmüddətli istiqrazların geri alınmasını artıraraq, eyni zamanda daha çox qısamüddətli borc alətləri buraxmağa üstünlük verir.
Bu strategiya bazarda uzunmüddətli istiqrazların təklifini müəyyən qədər azaltmaq və gəlirliliklər üzərindəki təzyiqi yumşaltmaq məqsədi daşıya bilər.
ABŞ-ın təxminən 2 trilyon dollarlıq büdcə kəsirinin maliyyələşdirilməsi fonunda borcun hansı müddətlər üzrə yerləşdirilməsi bazarlar üçün getdikcə daha mühüm məsələyə çevrilir.
Stablecoinlər ABŞ borc bazarına yeni tələb yarada bilər
Jackson Hole simpoziumunun diqqətçəkən mövzularından biri də maliyyə innovasiyaları və stablecoinlər olacaq.
ABŞ-da stablecoin bazarının genişlənməsini dəstəkləyən yeni qanunvericilik çərçivəsinin formalaşması qısamüddətli dövlət istiqrazlarına əlavə tələb yarada bilər. Stablecoin emitentlərinin ehtiyatlarının əhəmiyyətli hissəsini təhlükəsiz və likvid aktivlərdə, o cümlədən ABŞ Xəzinədarlıq veksellərində saxlaması bu bazara milyardlarla dollarlıq yeni kapital axını potensialı yaradır.
Bu isə Xəzinədarlığın daha çox qısamüddətli borc buraxmaq strategiyası ilə üst-üstə düşür.
Bazarlar Warsh-dan konkret siqnal gözləyir
İnvestorların diqqəti indi Kevin Warsh-ın Jackson Hole çıxışına yönəlib.
FED sədrinin inflyasiya ilə mübarizə, uzunmüddətli istiqraz gəlirlilikləri, mərkəzi bankın balansının azaldılması və Xəzinədarlıqla koordinasiya barədə açıqlamaları dolların, istiqrazların və səhm bazarlarının istiqamətinə təsir göstərə bilər.
Jackson Hole görüşü beləliklə təkcə FED-in növbəti faiz qərarları üçün deyil, ABŞ-da pul siyasəti ilə dövlət borcunun idarə olunması arasında yeni münasibət modelinin formalaşıb-formalaşmayacağını anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Mənbə: Financial Times





