
Bu ilin yanvar-may aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, müsbət saldo həm nağd, həm də qeyri-nağd valyuta əməliyyatları seqmentlərində müşahidə olunub.
AMB-nin açıqlamasında qeyd edilir ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi də azalmağa davam edib. Belə ki, son 12 ay ərzində bu göstərici 2,8 faiz bəndi azalaraq may ayında 27 %-ə enib.
Hesabata əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % artaraq 560,1 milyon ABŞ dollarına çatıb.
Mərkəzi Bank xarici sektor göstəricilərinin əlverişli olaraq qaldığını vurğulayıb.
“İlin sonuna cari əməliyyatlar hesabının profisitinə dair proqnozun daha da yaxşılaşması gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır”, – deyə AMB bəyan edib.




