
2025-ci ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) aparılan əməliyyatların ümumi həcmi 54,6 milyard manat təşkil edib.
BBN.az BFB-nin məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artım deməkdir.
Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əməliyyatların ümumi məbləği 7,6 milyard manat olub. Bunun 3,2 milyard manatı ilkin, 4,4 milyard manatı isə təkrar bazarda həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının notları üzrə əməliyyatların dəyəri 1,27 milyard manat təşkil edib. Buradan 1,23 milyard manatı ilkin, 43,2 milyon manatı isə təkrar bazarda baş tutub.
Korporativ qiymətli kağızlar bazarında ümumi əməliyyat həcmi 900,3 milyon manat olub. Bunun 688,4 milyon manatı ilkin, 211,9 milyon manatı təkrar bazarda qeydə alınıb. Həmin dövrdə səhmlərlə 13,1 milyon manat, istiqrazlarla isə 198,8 milyon manatlıq əməliyyat aparılıb.
İpoteka istiqrazları bazarında əməliyyatların ümumi dəyəri 1,2 milyard manat təşkil edib. Buradan 550,4 milyon manatı ilkin, 649,7 milyon manatı təkrar bazara aiddir.
Bazarın ən böyük payı REPO əməliyyatlarının payına düşüb — bu seqmentdə ümumi dövriyyə 43,7 milyard manat olub. Bunun 31,2 milyard manatı dövlət istiqrazları, 605,4 milyon manatı Mərkəzi Bank notları, 11,85 milyard manatı isə korporativ qiymətli kağızlarla bağlı əməliyyatlardır.
Ümumilikdə, hesabat dövründə kapital bazarında 25 039 əqd bağlanıb. Əqdlərin orta günlük həcmi 274,5 milyon manat, orta günlük sayı isə 126 təşkil edib.







