Home » Bakıda QDTİB-in Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı keçirilib

Bakıda QDTİB-in Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı keçirilib

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

İyunun 23-də Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı keçirilib.

İclası giriş sözü ilə açan maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri, bankın Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov bildirib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı koronavirus pandemiyasının çətinliklərindən uğurla keçərək 2021-ci ildə kapitalını əhəmiyyətli dərəcədə artırıb. O, Azərbaycanın bankın inkişafında fəallıq göstərən ölkə kimi onun kapitalının artırılması üzrə səyləri dəstəkləməkdə davam edəcəyini qeyd edib. 

Azərbaycanın regionun iqtisadi inkişafına göstərdiyi səylərə sadiq qaldığını vurğulayan S.Şərifov Rusiya-Ukrayna münaqişəsinin yaratdığı çətinliklərə də toxunub və bildirib ki, sözügedən münaqişənin mənfi təsirlərini ən çox region ölkələri hiss edir:

“Rusiya-Ukrayna münaqişəsi, Qara dəniz ətrafında baş verənlər logistika, əsasən də ərzaq məhsullarının daşınması ilə bağlı problemlər yaradıb. Hər iki ölkənin mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçıları olması qiymətlərin artımına təsir göstərərək ümumilikdə qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Təəssüf ki, münaqişə hələ bitməyib və geopolitik gərginliyin region üzrə nəticələri məlum deyil”. 

Nazir qeyd edib ki, beynəlxalq maliyyə institutları COVID-19 pandemiyası və münaqişə ilə bağlı bütün çətinlikləri qiymətləndirməlidir. “Bütün dünya, o cümlədən ölkəmiz qlobal inflyasiya təzyiqləri ilə üzləşib. Azərbaycan hökuməti ölkə prezidentinin tapşırığı ilə müəyyən anti-inflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlər əsasən ölkəyə idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Lazımi qərarlar qəbul edilir və onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”, -deyə S.Şərifov qeyd edib.

İllik Toplantıda çıxış edən Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin isə bildirib ki, hazırda Ukraynadakı münaqişə səbəbindən dünyada vəziyyət dəyişib və bank indi öz rolunun nə olacağını və gələcək inkişafa necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir. Azərbaycanın QDTİB-in mühüm səhmdarı olduğunu vurğulayan D.Pankin əməkdaşlığın inkişafı üçün yeni imkanların nəzərdən keçirildiyini deyib. Onun sözlərinə görə, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanları var.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Asəf Hacıyev isə öz çıxışında Qara Dəniz Ticarət və İnkişaf Bankını Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa olunmasında iştiraka çağırıb.   

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə üzrə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Azərbaycanda həyata keçirdikləri layihələrdən bəhs edib, bildirib ki, artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihənin icrasına başlanılıb: “Bu il günəş və külək enerjisi sahəsində daha iki layihə işə salınacaq. Bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ı dəstəkləməkdə davam edəcək”.

Nordik İnvestisiya Bankının baş katibi Heikiki Kantel isə təmsil etdiyi qurumun Azərbaycana birbaşa maliyyə dəstəyi göstərə biləcəyini deyib. Onun sözlərinə görə Nordik İnvestisiya Bankı Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu bank vasitəsilə Azərbaycanda layihələrin icrasına maliyyə dəstəyi göstərilir. Bu günə qədər Nordik İnvestisiya Bankı QDTİB-ə 1,5 milyon avro dəyərində kredit verib. 

İllik Toplantıda müşahidəçi qismində iştirak edən Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Ofisinin rəhbəri Matsey Çura, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte və digərləri öz çıxışlarında Azərbaycanın bankın Rəhbərlər Şurasına sədrliyini yüksək qiymətləndiriblər, Qara dəniz regionu ölkələrinin inkişafı, ticarət və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı öz fikirlərini bölüşüblər.

İyun ayının 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. 

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya,

Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.