Home » Bank sektorunda əsas trendlər

Bank sektorunda əsas trendlər

by bbnadm
0 rəy 1 baxış 6 dəqiqə oxuma
  • İlk 7 ayın statistik göstəricilərinin təhlili nəyi göstərir, ötən illə müqayisədə hazırda bank sektorunda inkişaf trendləri hansı istiqamətdədir və ümumiyyətlə cari vəziyyəti necə qiymətləndirmək olar?

Əvvəla, hər hansı ölkənin maliyyə-bank sektorunun vəziyyətini analitik təhlil etməkdən ötrü bir neçə əsas parametrə – maliyyə dərinliyi, maliyyə effektivliyi, maliyyə sabitliyi, maliyyə əlçatanlığı və ya inklüzivliyi kimi geniş maliyyə kateqoriyalarına nəzər yetirmək zəruridir. Bu kateqoriyaların özlərinin də bir neçə çoxsaylı subindikativ kateqoriyaları (özəl sektora kredit/ÜDM, depozit/ÜDM, özəl sektora kredit/depozit, faiz spredi, bank sektorunun kövrəklik indeksi, dövriyənin kapitalizasiyaya nisbəti, hər min nəfərə düşən depozitorların sayı və s.) mövcuddur və dərin diaqnostik qiymətləndirmələrin aparılmasını tələb edir. Eyni zamanda bu indikativ göstəricilərin nəticələri arasında da bəzən ziddiyətli nəticələr ortaya çıxa bilər və burada inkişafın hansı parametr üzrə qiymətləndirilməsi daha çox həmin ölkənin maliyyə siyasətini dizayn etmə üzrə məqsəd və niyyətlərindən asılıdır. Həmçinin, bizə məlumdur ki, “resurs lideri iqtisadiyyat”larda xarici sektora bağlı makroekonomik transfersal risk məsələsi mövcuddur və maliyyə sektoruna da bu konteksdən baxmanın tərəfdarıyam. Ancaq bir neçə parametr vardır ki, hazırda bank sektorunun mövcud inkişaf dinamikası barədə təsviri təsəvvür yaradır. Örnək olaraq, cari ildə sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə dinamik trendlər ötən illə müqayisədə yüksəkdir. Belə ki, cari tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faizlik artım nümayiş etdirib. Bütün çağırışlara rəğmən, bank sektoru rentabelli şəraitdə öz fəaliyyətini qura bilib və son bir ayda bank sisteminin xalis mənfəəti 15 faiz artaraq iyul ayının sonuna 428 milyon manata çatmışdır. Preventiv tədbirlərin nəticəsi olaraq, lisenziyası geri çağırılmış banklarla bağlı cari ilin əvvəlindən maliyyə əlçatanlığı parametrlərindən bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı, həmçinin maliyyə sabitliyinin  elementlərindən sektorda işçi sayının azalması ilə müşahidə olunan resessiv trendlər stabilləşmiş və inkişaf fazasına qədəm qoymuşdur. İlin ilk 7 ayının nəticələrinə əsasən maliyyə inklüzivliyi parametrlərindən müştərilərin bank hesablarının sayı Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq, 20 milyonu ötüb, bank müştərilərinin sayı isə 8,547,197 nəfərə çatıb. Bu göstəricilərin qeydə alınmasına həm də, anti-pandemiya tədbirləri çərçivəsində ödənilən müavinətlərin bank kartları vasitəsilə verilməsinin də təsiri olduğunu qeyd edə bilərik. İlin ilk 7 ayının göstəricilərinə əsasən bankların kredit portfelinin həcmi 14 milyard 585 milyon manat ətrafında sabitləşmişdir. İlin əvvəli ilə müqayisədə ümumi kredit portfellərinin həcmindəki azalma isə lisenziyası geri çağırılan banklarla əlaqədar olub.  Eyni zamanda maliyyə bazarlarında sanasiya tədbirlərinin nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsallarında müsbət siqnallar qeydə alınmışdır.

  • Kredit portfellərinin keyfiyyət əmsallarında qeydə alınan müsbət siqnallar nədən ibarətdir?

Bildiyiniz kimi, kredit portfelinin ümumi həcmində qeyri-işlək kreditlərin   miqdarı (NPL əmsalı) kredit portfellərinin ən əsas kvalitativ göstəricilərindən hesab olunur. İlk 7 ayın göstəricilərinə əsasən qeyri-işlək kreditlərin ümumi kredit portfellərində xüsusi çəkisi 1 faiz ətrafında azalmaqla 7,28 faizə enib. Qeyd edək ki, bu göstərici Azərbaycanda bu sahədə 2015-ci ilin neft böhranından sonra qeydə alınmış ən yaxşı göstəricidir və bu göstərici sektorun sağlamlaşdırılmasının əsas siqnallarından olmaqla yanaşı, bank sisteminin kredit portfellərinin risk yükünün və ümumi kredit faizlərinin azalmasına müsbət təsir edən amillərdəndir. Bu göstərici, həmçinin, 2017-ci ilin “neqativ bumu” ilə müqayisədə 2 dəfəyə yaxın azalma deməkdir ki, bunun da azalması öz növbəsində bank sisteminin kredit xərclərinin azaldılması və nəticədə aşağı kredit faizlərinin formalaşması, daha sağlam kredit hesabatlığı mədəniyyətinin formalaşmasına müsbət təsir edəcəkdir. Əlbəttə, bu göstəricilərə biz uzunmüddətli və davamlı fəaliyyətin nəticəsi olaraq nail olmuşuq. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi gələcəkdə daha da yaxşı nəticələrə çatmağımıza səbəb olacaqdır və bunun üçün bank sisteminin kifayət qədər inkişaf potensialı mövcuddur.

  • Depozit və əmanətlər üzrə cari trendlər, xüsusilə də dedollarizasiya prosesləri kontekstində nədən ibarətdir?

Bu ilin ilk 7 ayında banklarda yerləşdirilmiş depozitlərin həcmi 22,5 milyard manat ətrafında stabilləşmə nümayiş etdirir,  fiziki şəxslərin əmanətlərinin həcmi isə 7 milyard 774 milyon manat ətrafındadır. Onu da qeyd edək ki, həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə mart və aprel aylarında qeydə alınmış azalma lisenziyası ləğv olunmuş banklarla bağlı olmuşdur. Ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. Təkcə iyul ayı ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi 1 faiz artmaqla 41%-ə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur.

  • 2020-ci ilin ilk 7 ayında bank sistemi üçün infrastruktur baxımından ən mühüm addımlar kimi nəyi hesab edirsiniz?

Son dövrlər bank sistemində atılmış ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) pilot rejimində istifadəyə təqdim edilməsi və kredit skorinqi xidmətinin istismara verilməsini qeyd edə bilərik. Belə ki, AÖS-nin pilot rejimində istismara verilməsi monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılan “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda icrası nəzərdə tutulmuş tədbirlərdən biridir. Bu mexanizmin istismara verilməsi ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədi daşıyır. Yeni ödəniş sisteminin istismara verilməsi ödəniş xidmətlərinin vətəndaşlar üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırılabilmə imkanları yaradacaqdır. Bu sistemlə fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatları 24/7/365 rejimində aparılacaqdır. AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcəkdir. Digər mühüm bir yenilik isə kreditləşmə prosesləri üçün avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqinə imkan verəcək, beynəlxalq metodologiyalara əsaslanan yeni Kredit Skorinqinin tətbiq olunmasıdır. Bu sistemin tətbiqi isə, əgər banklar tərəfindən müvafiq qaydada mənimsənilərsə, anderraytinq proseslərinin avtomatlaşdırılması, kreditləşmə proseslərinin və xüsusilə kiçik həcmli kreditlər üzrə rəsmiləşdirmə proseslərinin bank əməliyyatları termini ilə ifadə etsək “anında” aparılmasına və rəqəmsallaşmasına imkan yaradacaqdır. Ən əsası isə hər iki mexanizmin tətbiqi elə bir inkişaf prosesidir ki, bank xidmətlərindən istifadə edən hər bir kəs ödəniş və kredit ekosistemi üzrə xidmətlərin keyfiyyətinin artmasını öz həyatında birbaşa hiss edəcəkdir.

  • Bəs, pandemiyanın bank sisteminə təsiri üzrə hansı addımlar atılmışdır və bank sisteminin əsas gələcək inkişaf istiqamətləri kimi nəyi qeyd etmək olar?

Cari ildə pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılmış, requlyativ nəzarət prosesləri üzrə güzəştlər verilmiş, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilmişdir. Buna müvafiq olaraq, bank sistemi də yeni şəraitə uyğun fəaliyyətini qura bilmişdir. Həmçinin, pandemiyanın bank sisteminə vurduğu təsir bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini göstərir. Eyni zamanda pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, dəyişikliklərə çevik adaptə oluna bilən, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin nə qədər kritik əhəmiyyətə malik olduğunu göstərdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.