
Böyük Britaniyanın enerji nəhəngi “BP Plc” 2025-ci ilin ikinci rübündə 1,629 milyard ABŞ dolları xalis mənfəət əldə edib.
BBN.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 129 milyon dollarlıq zərərlə müqayisədə əhəmiyyətli artım deməkdir.
Hesabat dövründə ehtiyatların əvəzlənməsi metodu ilə düzəliş edilmiş mənfəət (RC profit) 2,4 milyard ABŞ dollarına çatıb. Müqayisə üçün, bu göstərici 2025-ci ilin I rübündə 1,4 milyard dollar təşkil etmişdi.
BP-nin gündəlik karbohidrogen hasilatı 2,3 milyon barel neft ekvivalentinə qədər azalıb. Ötən ilin eyni dövründə bu göstərici gündəlik 2,379 milyon barel səviyyəsində idi.
Orta həyata keçirmə qiymətlərinə gəlincə, neft hasilatı və istismar seqmentində bu göstərici 55,78 dollardan 49,03 dollaradək enib. Qaz və aşağı karbonlu enerji daşıyıcıları seqmentində isə bir il əvvəllə müqayisədə artaraq 40,84 dollara yüksəlib (ötən il: 36,85 dollar).
BP-nin proqnozuna görə, III rübdə hasilatın həcmi II rüblə müqayisədə cüzi azala bilər. Şirkət 2025-ci ilin sonunda hasilatın ötən illə müqayisədə aşağı olacağını gözləyir.
Hesabat dövründə şirkətin kapital qoyuluşları 3,4 milyard ABŞ dolları təşkil edib. İllik kapital xərcləri planı isə əvvəlki kimi dəyişməz olaraq 14,5 milyard dollar səviyyəsində qalır. 2026 və 2027-ci illər üzrə bu göstəricinin 13-15 milyard dollar aralığında olacağı gözlənilir.
Şirkət III rübün nəticələri açıqlanana qədər 750 milyon ABŞ dolları dəyərində səhmlərini geri almağı planlaşdırır.
II rüb üçün elan edilən dividendlər isə hər səhm üçün 8,32 sent təşkil edir ki, bu da əvvəlki rüblə (8 sent) müqayisədə artım deməkdir.







