Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.
Artıq rəqəmsal valyuta konsepsiyası digər qitələr ilə yanaşı Afrika qitəsinə də doğru irəliləyib. Belə ki, CBDC test mərhələsini həyata keçirən üç Afrika ölkəsindən (digər ikisi Qana və CAR) biri olan Nigeriya artıq rəsmi olaraq rəqəmsal valyutasını vətəndaşlarının istifadəsinə verib. Dünyanın ən böyük xam neft rezervlərinə sahib ölkələrdən biri olan Nigeriyanın rəqəmsal valyutası eNaira adlandırılıb.
Dünya Bankı tərəfindən aparılan araşdırmalara əsasən, əhalisinin böyük əksəriyyətinin bankçılıq xidmətlərindən istifadə etməməsinə baxmayaraq, Nigeriya Mərkəzi Bankı yeni rəqəmsal valyutanın ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini açıqlayıb. Əsas səbəblərdən biri kimi isə ölkəyə daxil olan pul baratlarının ölkə ÜDM-ində böyük paya malik olması göstərilib. İllik 25 milyard dolları (ÜDM-in 6%-i) ötən bu tranzaksiyaların eNaira vasitəsilə daha asan və səmərəli başa gələcəyi vurğulanıb.
Rəqəmsal valyutanın mövcud olduğu mobil tətbiqetmə “Google Play Store” platformasında qısa müddət ərzində 367 min dəfə yüklənib və bir müddət sonra çöküb. Daha sonra, yenidən istifadəyə verilən tətbiqetmə hal-hazırda işlək vəziyyətdədir.
Məlumat üçün qeyd edək ki, hazırda Nigeriyadan savayı, dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 13 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.