Bu il “Dünya İqtisadi Forumu”nun əsas mövzusu “A Spirit of Dialogue” (“Dialoq Ruhu”) olaraq müəyyən edilib. Mövzu qlobal miqyasda dərinləşən geosiyasi, iqtisadi və texnoloji parçalanma fonunda açıq və səmimi dialoqun vacibliyini ön plana çıxarır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri bildirib.
Onun sözlərinə görə, Davos 2026-nın gündəliyi bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən bir sıra istiqamətləri əhatə edir. Xüsusilə süni intellekt, rəqəmsal iqtisadiyyat və qabaqcıl texnologiyaların etik və sosial tələblərlə uzlaşdırılması forumun əsas müzakirə mövzularındandır.
N.Azəri qeyd edib ki, gündəliyin əsas istiqamətlərindən biri olan “Məsuliyyətlə genişmiqyaslı innovasiya tətbiqi” çərçivəsində süni intellekt, kvant hesablama və biotexnologiya kimi texnologiyaların təhlükəsiz və ədalətli istifadəsi müzakirə olunur. Onun fikrincə, Davos Forumu kimi qlobal platformalar süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin formalaşmasında mühüm rol oynayır.
Bu müzakirələrin Azərbaycanın rəqəmsal transformasiya hədəfləri üçün də əhəmiyyətli olduğunu vurğulayan N.Azəri xatırladıb ki, **İlham Əliyev**in 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2026–2029-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyası”nın prioritetləri Davosda aparılan müzakirələrlə üst-üstə düşür. Bu prioritetlərə rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi və rəqəmsal infrastrukturun möhkəmləndirilməsi daxildir.
O əlavə edib ki, süni intellektin məsuliyyətli tətbiqi, məlumatların məxfiliyi, təhlükəsizlik və etik məsələlərə verilən önəm Azərbaycan üçün əlavə imkanlar yaradır. Ümumilikdə, Davos 2026-nın gündəliyi həm xarici investisiyaların cəlb edilməsi, həm də milli rəqəmsal bazarın rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir.
N.Azəri, həmçinin **Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi**nin (4SİM) Davosda iştirakının Azərbaycanın süni intellekt, sənaye 4.0 və rəqəmsal transformasiya sahəsində qlobal proseslərin fəal iştirakçısı olduğunu nümayiş etdirdiyini bildirib.
Onun sözlərinə görə, Forumun gündəliyində əsas suallardan biri də “Qloballaşmış, lakin parçalanmış dünyada əməkdaşlıq necə gücləndirilə bilər?” mövzusudur. Bu kontekstdə geosiyasi güclərin dəyişməsi, regional ittifaqlar və ictimai-özəl əməkdaşlıq strategiyaları müzakirə olunur.
N.Azəri vurğulayıb ki, hazırda dünyada baş verən geosiyasi proseslər – Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə və digər regionlarda gərginliklər – Davos Forumunun gündəmini formalaşdıran əsas amillərdəndir. Onun fikrincə, qlobal güclər sabit və inkişaf edən yeni dünya nizamı qurmaq istəyirlərsə, Azərbaycan təcrübəsindən yararlanmalıdırlar.
“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi diktə dili ilə deyil, sülh və əməkdaşlıq yanaşması ilə çıxış etdi. Bu model Cənubi Qafqazda sabitlik, iqtisadi inkişaf və davamlı əməkdaşlıq üçün nümunədir. Hesab edirəm ki, Davos Forumunda iştirak edən dövlət və hökumət başçıları bu təcrübənin qlobal miqyasda tətbiqi imkanlarını müzakirə etməlidirlər”, – deyə N.Azəri bildirib.





