DGK ilə ISB arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiya tamamlandı

Dövlət Gömrük Komitəsi (DGK) və İcbari Sığorta Bürosu (İSB) arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə mətbuat konfransı keçirilib.

DGK-nın sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində bütün sahələrdə olduğu kimi, dövlət və özəl sektorla məlumat mübadiləsi sahəsində də mühüm işlər görüldüyünü bildirilib. Artıq bir sıra dövlət qurumları ilə sistemlərin qarşılıqlı olaraq inteqrasiya edilməsi sənədlərin və digər zəruri məlumatların onlayn qaydada mübadiləsinə imkan yaradıb.

İsmayıl Hüseynov vurğulayıb ki, İSB ilə də elektron sistemlərin inteqrasiya edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradıb. Bu da gələcəkdə baş verəcək sığorta hadisələri zamanı proseslərin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İSB-nin icraçı direktoru Rəşad Əhmədov isə bildirib ki, İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək funksiyasını daşıyır. İSB ölkəmizdə “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi də fəaliyyət göstərir. Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir və qanunvericiliyin tələbinə uyğun olaraq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir.

Qeyd edilib ki, iki qurum arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan problemin həllinə öz töhfəsini verəcək. Son zamanlar İSB-yə “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən bir çox məlumatlar daxil olur. Öz növbəsində İSB vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində mövcuddur və qanunun tələbinə əsasən mütəmadi olaraq rəsmi mətbuat orqanlarında dərc edilir.

Rəşad Əhmədov onu da bildirib ki, Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb. Proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyə Respublikasının gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyədə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.

İSB-in təşəbbüsü ilə Azərbaycan və Türkiyə respublikaları arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.

Mətbuat konfransında “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DGK) elektron informasiya sistemi arasında “Yaşıl Kart” müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırıldığı qeyd edilib.

Bildirilib ki, inteqrasiya nəticəsində saxta “Yaşıl Kart”ların yayılması və istifadəsinin qarşısı alınacaq. İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən əvvəl gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir. Belə ki, yaxın keçmişdə dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması halları təsbit edilib və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlanıb. İnteqrasiyanın tamamlanması bu kimi xoşagəlməz halların qarşısını almaqda mühüm rol oynayacaq.

Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır