
Dünya Bankı yaxın üç il ərzində Azərbaycanın cari əməliyyatlar balansı profisitinin tədricən azalacağını proqnozlaşdırır. Belə ki, 2025-ci ildə bu göstəricinin ÜDM-in 4,2 faizi, 2026-cı ildə 3,7 faizi, 2027-ci ildə isə 3,3 faizi səviyyəsində olması gözlənilir.
Müqayisə üçün qeyd edək ki, əvvəlki illərdə bu göstəricilər daha yüksək olub: 2021-ci ildə ÜDM-in 15,2 faizi, 2022-ci ildə 29,7 faizi, 2023-cü ildə 11,6 faizi və 2024-cü ildə 8,1 faizi səviyyəsində qeydə alınıb.
Dünya Bankının “Azerbaijan Country Economic Update” adlı son hesabatına əsasən, malların və xidmətlərin ixracı sabit qalacaq: 2025-ci ildə ÜDM-in 39,1 faizi, 2026-cı ildə 39,5 faizi, 2027-ci ildə isə 38,8 faizi səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda idxal tədricən azalacaq — 2025-ci ildə ÜDM-in 34,2 faizi, 2026-cı ildə 32,2 faizi, 2027-ci ildə isə 31,2 faizi səviyyəsində.
Birbaşa xarici investisiyaların (BXİ) axını isə mülayim səviyyədə qalacaq: 2025-ci ildə ÜDM-in 1,1 faizi, 2026-cı ildə 1 faizi, 2027-ci ildə isə 0,9 faizi səviyyəsində gözlənilir.
Hesabata görə, enerji daşıyıcılarının qiymətlərinin enməsi fonunda cari əməliyyatlar balansı profisitinin orta müddətli perspektivdə tədricən azalması gözlənilir. Karbohidrogen ixracının azalması xarici ticarət profisitinə mənfi təsir göstərəcək. Lakin idxala tələbatın aşağı səviyyədə qalması ixracın azalmasını qismən kompensasiya edəcək.
Hesabatda qeyd olunur ki, qaz hasilatı üzrə əsas layihələrdən gələn gəlir repatriasiyası əhəmiyyətli olacaq, lakin orta müddətli dövrdə tədricən azalacaq. Pul köçürmələrinin axını isə sabit qalacaq, çünki əsas donor ölkə olan Rusiyada iqtisadi artım tempi zəifləyir. Qaz hasilatı ilə məşğul olan şirkətlərin kapital repatriasiyasının yavaşlaması birbaşa xarici investisiyaların azalmasına səbəb olacaq, qeyri-karbohidrogen sektoruna investisiyalar isə struktur problemləri səbəbindən məhdud olaraq qalacaq.







