
2 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində dünyanın ən böyük maliyyə institutlarından biri olan “Bank of China”nın rəhbərliyi ilə işgüzar görüşü keçirilib.
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) təşkilatçılığı ilə baş tutan görüşdə ABA-nı Assosiasiyanın baş iqtisadçısı Əzizağa Haxverdiyev və Azərbaycan bank sektorunun aparıcı nümayəndələri təmsil ediblər.
Görüşün əsas diqqət mərkəzində biznes və korporativ bankçılıq sahəsində strateji tərəfdaşlıq imkanları dayanıb. Tərəflər hər iki ölkənin bank sistemləri arasında birbaşa əlaqələrin qurulması, müxbir hesabların aktivləşdirilməsi və korporativ müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Müzakirə olunan əsas istiqamətlər:
Korporativ Bankçılıq: “Bank of China”nın bu sahədəki qlobal təcrübəsinin Azərbaycan bankları tərəfindən tətbiqi və qarşılıqlı maraq doğuran investisiya layihələrinin maliyyələşdirilməsi;
Təcrübə Mübadiləsi: Müasir bank texnologiyaları və rəqəmsal həllər sahəsində birgə təşəbbüslərin dəyərləndirilməsi;
Perspektivli Əməkdaşlıq: Azərbaycan bankları ilə “Bank of China” arasında uzunmüddətli tərəfdaşlıq modellərinin qurulması.
Görüşdə qeyd olunub ki, bu cür yüksək səviyyəli təmaslar Azərbaycan və Çin arasındakı iqtisadi-ticari əlaqələrin maliyyə dayaqlarını daha da möhkəmləndirəcəkdir.





