

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “Software 15” hesabatını dərc edib.
Hesabata istinadən, sözügedən kateqoriyada dünyanın ən dəyərli şirkəti “Microsoft” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 30% artaraq, 184.2 milyard ABŞ dolları olub. “Oracle” 11% bahalaşaraq, 29.1 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “SAP” şirkətinin ümumi dəyəri isə 2% artaraq 18.3 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Salesforce” (17.9 milyard $) və “Adobe” (14.1 milyard $) şirkətlərinə layiq görülüb.
IT şirkətləri arasında son bir ildə ən çox dəyər qazanan (48%) Kanada mərkəzli “Constellation Software” şirkəti 4 milyard dollar ilə siyahıda 8-ci yerə yüksəlib. Siyahıda yer alan 15 şirkətin 11-i ABŞ, qalanları isə Almaniya, Kanada, Fransa və İspaniya mərkəzlidir.